London Cənubi Qafqaz regionunda aktivliyini artırmaqla başlayıb

Böyük Britaniya regionu yaxşı tanıyır


  Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokertinin Cənubi Qafqaza səfəri başlayıb. Dekorti ilk səfərini Ermənistana edib və Baş nazir Nikol Paşinyanla görüşüb. Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə bağlı müzakirələr aparıb. Ermənistan və Böyük Britaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edək ki, bu, Dekortinin bu il regiona üçüncü səfəridir.
  Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Böyük Britaniya yeni yaradılan güc mərkəzinin formalaşması prosesinə rəhbərliyini Cənubi Qafqaz regionunda aktivliyini artırmaqla başlayıb. Onun sözlərinə görə, L.Dokertinin regiona gəlməsini bu kontekstdən dəyərləndirmək lazımdır: 

"Böyük Britaniya-Türkiyə-Azərbaycan-Çin xəttində Ermənistanın kənar qüvvələrin regiona gəlməsini təmin edən yanlış fəaliyyəti nəticəsində yaranmış gərginlik həlledici mərhələyə keçir. London bölgədə söz sahiblərindən biri olduğunu göstərmək istəyir. Böyük Britaniya tarixən Cənubi Qafqaz regionunda fəaliyyət təcrübəsinə malikdir və regionu yaxşı tanıyır. Yeni dünya düzəninin formalaşması prosesində London Cənubi Qafqaz ölkələrinin strateji dəstəkçisi və hamisi rolunda çıxış edir. Dokertinin səfəri mövcud gərginliyin fonunda təbii görünür. Böyük Britaniya Cənubi Qafqaz ölkələrinin birlikdə fəaliyyətini koordinasiya etməyə çalışır. Ermənistan hadisələrin mərkəzində olduğu üçün London öz rəsmisini ilk ora göndərib. Ermənistan regionda stabillik baxımından ən zəif vəziyyətdədir. Ermənistanın təhlükəsizlik qarantiyasına böyük ehtiyacı var. Böyük Britaniya İrəvana qarantiya verə bilər".