İsrailin çox əsirin az əsirlə dəyişdirilməsinə "hə" deməsi Təl-Əvivin geri çəkilməsinin göstəricisidir
İsrail və Fələstinin HƏMAS qruplaşması arasında 4 günlük humanitar atəşkəs qüvvəyə minib. Həmas və İsrail 50 israilli girov və İsrail həbsxanalarında cəza çəkən 150 fələstinli qadın və uşağın azad edilməsi müqabilində Qəzza zolağında dörd günlük atəşkəsə razılaşıb. Vasitəçi Qırmızı Xaçdır. Ehtimal olunur ki, HƏMAS silahlıları tərəfindən əsir götürülmüş israillilərin birinci qrupunun azad edilməsi müqabilində yaxın vaxtlarda bir neçə fələstinli İsrail həbsxanalarından azad olunacaq. Qəzzaya humanitar yardım və yanacağın da daxil olmasına icazə veriləcək. İsrail ordusu atəşkəsdən əvvəl səhərə qədər Qəzzanı bombalamağa davam edib. İsrailin müdafiə naziri Yoav Qalant isə Qəzza zolağında atəşkəsi “qısa fasilə” adlandırıb. Onun sözlərinə görə, bundan sonra döyüşlər ən azı daha iki ay “intensiv rejimdə” davam edəcək. O bildirib ki, qalan girovların qaytarılması üçün müharibənin davam etdirilməsi zəruridir.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, İsrailin atəşkəsə müvəqqəti də olsa razılıq verməsi, çox əsirin az əsirlə dəyişdirilməsinə "hə" deməsi Təl-Əvivin geri çəkilməsinin göstəricisidir. Analitik vurğulayıb ki, İsrail atəşkəslə, əsir və girovların qarşılıqlı dəyişdirilməsi ilə bağlı təklifləri birmənalı rədd edirdi:
"Sadəcə ultimatum verirdilər ki, bütün israilli əsirlər qarşılıqsız azad edilməlidir. Məsələ ondadır ki, İsrail iki həftədir Qəzzada quru əməliyyatlarına başlayıb. Ancaq ortada ciddi uğur yoxdur. Gündüz zəbt etdikləri mövqeləri gecə tərk etməyə məcbur qalırlar. HƏMAS-ın mühüm nöqtələrini ələ keçirə bilməyiblər. Qəzzadakı 1500 tunelin cəmi 200-nü nəzarətə götürüblər. 30 minlik HƏMAS militanının, sadəcə, 500 nəfərini öldürə biliblər. Bu da göstərir ki, İsrail qoşunları Qəzza zolağına bataqlıqda batacaq. Hərbi əməliyyat uzansa, danışıqlar təklifi və atəşkəs məsələsi daha çox gündəmə gələcək. İsrail də buna getməyə məcbur olacaq".