Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir

Gürcüstana Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu verilməsi ilə bağlı qərarın elan edilməsi ərəfəsində yüzlərlə insan Tbilisinin mərkəzində keçirilən “Avropa İttifaqına səsiniz” yürüşündə iştirak edir.
“Report” TASS-a istinadən xəbər verir ki, yürüş yerli telekanallar tərəfindən yayımlanır.
Aksiya yerli vaxtla saat 14:00-da Tbilisinin mərkəzindəki Respublika meydanında başlayıb. Aksiya iştirakçıları, o cümlədən vətəndaş fəalları və müxalifət siyasətçiləri təxminən 3,5 km aralıda yerləşən Avropa Meydanına doğru irəliləyiblər. Ölkə Prezidenti Salome Zurabişvili də aksiyada iştirak etməyi planlaşdırsa da, yürüşün ilk mərhələlərində o olmayıb.
Vətəndaşlar nəqliyyatın hərəkəti üçün bağlanan yol ilə gedirlər. Onlar xüsusi olaraq yürüş üçün hazırlanmış nəhəng Aİ bayrağı daşıyırlar. Aksiya təşkilatçılarının verdiyi məlumata görə, bayrağın uzunluğu 33 metr, eni isə 22 metrdir. Aİ bayrağının üzərində yerləşən 12 ulduz Gürcüstanın müxtəlif yerlərində tikilib. Yürüş təşkilatçılarının sözlərinə görə, aksiyanın mahiyyəti gürcü xalqının Avropa İttifaqının bir hissəsi olmaq istəyini bir daha Avropaya göstərməkdir.
Qeyd edək ki, noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqı Şurasına birliyə qəbulla bağlı Bosniya və Herseqovina, Moldova və Ukrayna ilə danışıqlara başlamağı, həmçinin Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini tövsiyə edib. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Aİ-nin genişlənməsinə dair illik hesabatı təqdim edərkən bildirib. Avropa Komissiyasının hesabatında deyilir ki, Gürcüstana müxtəlif sahələrdə islahatlar da daxil olmaqla, doqquz addımı başa çatdırmaq şərti ilə namizəd statusunun verilməsini tövsiyə edilir. Avropa Şurasının Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərarını dekabrın 15-də açıqlayacağı gözlənilir.