Müttəfiqləri də BMT-də ABŞ-ı tək qoydu

ABŞ-ın bir neçə müttəfiqi, o cümlədən Avstraliya, Yaponiya və Kanada öz mövqelərini dəyişərək, BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsinin qəbuluna səs veriblər.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“ABŞ və İsrailin sadiq müttəfiqləri fələstinli mülki əhali arasında itkilərin artması, artan ictimai etirazlar səbəbiylə fikirlərini dəyişdilər. Səsvermənin nəticələri ABŞ-ın demək olar ki, tam təcrid olunduğunu göstərdi. Qərb hökumətləri ümumilikdə İsraili dəstəkləsələr də, bu ölkələrdə ictimai rəy dəyişir”, - ABŞ-ın Kolumbiya Universitetinin professoru Rəşid Xalidi nəşrə açıqlamasında deyib.

Qeyd edək ki, BMT Baş Assambleyası Misir və Mavritaniyanın Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələbi ilə təqdim etdiyi qətnaməni qəbul etmək üçün səsvermə keçirmişdi. 153 dövlət sənədin lehinə, İsrail və ABŞ daxil olmaqla 10 ölkə əleyhinə səs verib.