Cenevrədə neokolonializm mövzusunda beynəlxalq konfrans başlayıb

BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
APA xəbər verir ki, konfransda ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Korsika, Valis və Futuna, Solomon adalarından, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitəsindən 50-yə yaxın nümayəndə, eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT-lərin rəhbərləri, xarici media təmsilçiləri iştirak edir.
Tədbirdə Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr ölkələrində Fransa tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı çıxışlar edəcək, eləcə də bir sıra ölkə rəsmilərinin bəyanatlarının səsləndiriləcəyi gözlənilir.
Sonda konfransın bəyannaməsi qəbul olunacaq.
Bu, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü ildə keçirilən və kolonializmə qarşı mübarizə aparan, azad olmağa çalışan xalqları dəstəkləməyə həsr edilmiş IV beynəlxalq konfransdır.
Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan “CAGE” adlı QHT-nin rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani konfransda iştirak etmək üçün İsveçrəyə gəlsə də, Fransanın tələbi ilə İsveçrə polisi tərəfindən saxlanılıb. Polis məhdudlaşdırmanın səbəbinin Fransa olduğunu etiraf edib. Hüquq müdafiəçisi Rabbaninin özünün və vəkilinin haqlı tələblərinə baxmayaraq, İsveçrə polisi onu buraxmaqdan imtina edir.
BMT Baş Assambleyası məhz 1960-cı il dekabrın 14-də 1514 (XV) saylı qətnamə üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında bəyannaməni qəbul edib. O vaxtdan dekabrın 14-ü dünyada Dekolonizasiya Günü kimi qeyd olunur.