G7 ölkələri Rusiyanın dondurulan aktivlərinin müsadirəsinə dair danışıqları aktivləşdirib

Yeddilik Qrupu (G7) ölkələrinin nümayəndələri Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra dondurulan aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları aktivləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti yazır.

Nəşrin məlumatına görə, buna Avropa İttifaqının Ukraynaya dördillik dəstək proqramı çərçivəsində 50 milyard avro ayırması məsələsinin hələ də həll olmaması, ABŞ Konqresinin isə Kiyevə 61 milyard dollarlıq yardım paketini təsdiq etməməsi səbəb ola bilər. Bu halda Rusiyanın dondurulan aktivlərinin bir hissəsinin Ukraynaya yönəldilməsi alternativ maliyyə mənbəyinə çevrilir.

Bir müddət öncə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkə parlamentində çıxışı zamanı Rusiyaya məxsus aktivlərin müsadirə edilməsi və onların Ukraynaya yönəldilməsi üçün qanuni yolunun mövcudluğuna əmin olduğunu bildirib.