Putindən mesaj: Moskvanın sülh təklifinə Kiyev nə cavab verəcək?

Ukrayna Rusiyanın düşməni deyil.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, Rusiya dövlətçiliyini məhv etmək istəyən Qərbdir:
"Ukrayna bizim düşmənimiz deyil. Amma Rusiya dövlətçiliyini məhv etmək istəyən, Rusiyanın döyüş meydanında strateji məğlubiyyətə uğramasına nail olmağa çalışanlar var və onlar Qərbdədirlər. Qərbdə də ruhən bizimlə olan insanlar var, amma elə elitalar var ki, Rusiyanın mövcudluğu onlar üçün qəbuledilməzdir”.

Vladimir Putinin açıqlamalarını "Sherg.az" üçün şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Rusiya prezidentinin son açıqlamalarında yalnız Ukrayna deyil, həm də ABŞ və Qərb açıq mətnlə hədəfə alınır:
"Əsas məqsəd isə Ukrayna ilə Qərbə qarşı siyasi-psixoloji təzyiqləri gücləndirməkdir. Kreml tam dəqiqliyi ilə anlayırlar ki, Qərb Ukrayna savaşından yorulub. Üstəlik, Ukraynaya dəstək verən Qərb ölkələrinin maliyyə, iqtisadi və hərbi resursları da tükənməyə başlayıb. Eyni zamanda, bu il ABŞ-də növbəti prezident seçkilərinin keçirilməsinin nəzərdə tutulması da Rusiya üçün daha əlverişli situasiya yaradır. Hər halda, Bayden administrasiyası seçki maraqları ucbatından hazırda Ukraynaya əvvəlki kimi hərbi dəstək verməyə həvəs göstərmir. Ona görə də, Kreml sahibi ABŞ və Qərbə siyasi-psixiloji təzyiqləri gücləndirməklə Ukrayna savaşının bu il sona çatdırılmasına cəhd göstərir. Çünki məhz mövcud situasiya Ukrayna savaşının Rusiyanın maraqları çərçivəsində yekunlaşdırılması üçün müəyyən imkanlar açır. Yəni, Kreml Rusiyanın işğal etdiyi əraziləri öz nəzarətində saxlamaqla, Ukraynanın NATO-ya üzvlüyünə təminat almaqla, rəsmi Kiyevlə sülh sazişi imzalamağa hazır olduğunu sezdirir".

Politoloq Zelenski hakimiyyətinin Kremlin şərtləri çərçivəsində sülh sazişinin imzalanmasına həvəsli olmadığını vurğulayıb:
 "Rəsmi Kiyev hesab edir ki, Rusiya qoşunları Ukraynanın bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Yalnız bundan sonra Rusiya ilə beynəlxalq qarantorların iştirakı ilə sülh sazişi imzalamaq olar. Təbii ki, rəsmi Kiyev ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin son vaxtlar zəifləməsindən ciddi şəkildə narahatdır. Ona görə də, Ukraynanın yüksək rütbəli rəsmiləri də Qərbə təzyiq məqsədli açıqlamalar verməyə başlayıblar. Həmin açıqlamalarda əsas tezislər ondan ibarətdir ki, ABŞ və Qərb Ukraynaya hərbi dəstəyi yenidən gücləndirməlidir. Əks halda, Rusiya bu savaşda qalib gələ bilər. Rusiyanın qalib gələcəyi təqdirdə isə Ukraynadan sonra Kremlin hərbi hədəfi məhz Avropa ölkələri olacaq. Əslində, bu, tamamilə reallığa uyğundur. Prezident Vladimir Putinin də Rusiyanın düşmənlərinin Qərbdə olduğunu deməsi də Kremlin gələcək planları ilə bağlı müəyyən xəbərdarlıq mesajı xarakteri daşıyır. Çünki Kreml sahibi vurğulayıb ki, Qərbdə Rusiyanın mövcudluğunu istəməyən dövlətlər var. Əgər, Kreml belə bir qənaətə gəlibsə, deməli, Rusiya Ukrayna savaşında qalib gələrsə, yeni müharibə hazırlıqlarına başlayacaq. Sonra isə Rusiyanın mövcudluğuna təhlükə hesab olunan Qərb ölkələrinə hücum ediləcək, həmin dövlətlər ilə haqq-hesab çürüdüləcək. Hər halda, Ukrayna savaşı dövründə Qərb ölkələrinin tutduğu mövqeləri yəqin ki, unutmayacaq. Bütün bunları nəzərə aldıqda, Qərb ölkələri mütləq Ukraynaya hərbi dəstəyi gücləndirmək məcburiyyətindədir. Yəni, hazırda Qərb ölkələrinin qarşısında cəmisi iki variant qalıb. İndi Qərb ölkələri Ukraynanın Rusiya qarşısında məğlub olmamasını təmin etməlidirlər. Ya da Rusiya ilə gələcək dəhşətli savaşa elə indidən hazırlaşmağa başlamalıdırlar. Çünki Rusiya Ukrayna savaşından sonra Avropa ölkələrini mütləq özündən asılı vəziyyətə salmağa çalışacaq".