Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hava hücumlarına cavab olaraq Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediləcək.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün X sosial şəbəkə hesabında bildirib.

D.Kuleba qeyd edib ki, Alyans Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.

“Əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq”, - deyə nazir bildirib.

Kuleba əlavə edib ki, bu, Avro-Atlantik birliyin “vacib siqnalıdır”.

Xatırladaq ki, Ukrayna-NATO Şurası Ukrayna ilə Şimali Atlantika Alyansına üzv ölkələr arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığı platformadır.