Lirə dollara uduzur: Türkiyə iqtisadiyyatında nə baş verir?

Türkiyənin milli valyutası tarixi minimumunu yeniləyib.
Hazırda bir dollar 30,01 lirə, avro isə 32,95 lirəyədir.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 2023-cü il 21 dekabrda uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.

Türkiyədə uçot dərəcəsinin yüksəldilməsinə baxmayaraq lirənin dollar qarşısında dəyər itirməsinin davam etməsinin səbəbləri barədə "Sherg.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırması türk lirəsinin kəskin ucuzlaşmasının qarşısını alıb:
 "Əgər faiz artımları olmasa idi dollar türk lirəsi qarşısında hazırkindən 25-30%  daha baha olardı. Türk Mərkəzi Bankının əsas məqsədi ən azından məzənnəni müəyyən səviyyədə sabit saxlamaqdır. Əsas hədəf uzun müddət 30-35 dollar intervalında valyuta tarazlığı yaratmaqdır".

Ekspert məzənnənin ucuzlaşması ilə paralel tez-tez dəyişməsinin də iqtisadiyyata mənfi təsir göstərdiyini vurğulayıb:
"İndi iş adamları türk lirəsi ilə müqavilələr bağlayarkən problemlərlə üzləşirlər. Ona görədə bu ilin əsas hədəfi məzənnə sabitliyi yaratmaqdır. Bunun üçün Türkiyədə uzun müddət faiz dərəcələrini yüksək səviyyədə saxlayacaqlar. Lakin sözügedən prosesin də fəsadları var. Belə ki, kredit faizləri çox yüksəlir. Hazırda Türkiyədə istehlak kreditləri 50%- dən yuxarıdır və tarixi maksimumunu yaşayır. Buda iqtisadiyyatın qarşısını kəsən faktor ola bilər".