Stoltenberq: Putin Ukraynada uğur qazandıqca, Pekinin gücdən istifadə etməsi ehtimalı artır

"Yaponiya və Cənubi Koreya Ukraynada baş verənlərdən narahatdır, çünki onlar başa düşürlər ki, Putin Ukraynada daha çox uğur qazandıqca Pekinin gücdən istifadə etməsi ehtimalı artır".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda panel çıxışında deyib.

O bildirib ki, Asiyada baş verənlər Avropa üçün, Avropada baş verənlər də Asiya üçün məna kəsb edir.

"Təbii ki, biz Çini düşmən hesab etmirik, amma Çinin hərbi imkanlarını modernləşdirmək üçün böyük sərmayə qoyması, nüvə imkanlarını daha da inkişaf etdirməsi, Cənubi Çin dənizində Çinin özünü necə aparması və NATO üçün mühüm prinsiplər olan demokratiyanın, qanunun aliliyinin, media azadlığının Çində pozulması və s. bütün bunlar NATO üçün önəmlidir", - o deyib.

"Bir şeyi də anlamaq lazımdır ki, Asiyaya gedən NATO deyil, əksinə Çin NATO-ya daha da yaxınlaşır. Onlar Afrikadadır, Arktikadadır, onlar vacib infrastruktura nəzarəti ələ keçirməyə çalışır. Sadəcə bir neçə ilə əvvəl geniş müzakirələrimiz oldu, müttəfiqlərimizin bəziləri bunun sadəcə kommersiya məsələsi olduğunu deyirdi, ancaq bu bizim təhlükəsizliyimizlə bağlı məsələ idi", Stoltenberq bildirib.