Müharibədə ən çox əziyyət çəkən uşaqlar və qadınlar olur

Azərbaycan 60 uşağa can verir

“Ukraynalı uşaqlara Azərbaycan dövləti tərəfindən sosial qayğı göstərilməsi nümunəvi addım kimi yüksək dəyərləndirilməlidir”

  "Həssas əhali qruplarından olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində Ukraynadakı münaqişə bölgəsindən ölkəmizə gətirilən sosial həssas 60 uşağa xidmət göstərilib. Bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı bildirib. “Agentliyin fəaliyyət istiqamətinə uyğun mövzular üzrə sosial xidmətə ehtiyacı olan şəxslərin digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etməsinə imkan yaradılması üçün 34 qeyri-hökumət təşkilatı və 3 fiziki şəxslə sosial layihələr reallaşdırılıb. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzləri xidmətinin göstərilməsi” layihəsi üzrə 21 şəhər və rayon üzrə 630 nəfər uşağa sosial xidmət göstərilib”, söyləyən V.Behbudov qeyd edib ki, həmçinin Ukraynanın münaqişə bölgələrindən olan 60 uşağa Azərbaycanda sosial xidmət göstərilib.
  Ukraynada davam edən müharibədən əziyyət çəkən uşaqların ölkəmizdə sosial reabilitasiya proqramlarına cəlb olunması ənənə halını alıb. Bundan əvvəl də ukraynalı 30 uşağa Azərbaycanda sosial xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgələrdə qonaq olan uşaqlar Bakı, Şamaxı, Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunublar. Onlara peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər keçilib, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə səy göstərilib. Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunub.
   “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, müharibə və münaqişələrdə ən çox əziyyət çəkən məhz uşaqlar və qadınlar olur. Ukraynalı uşaqlara Azərbaycan dövləti tərəfindən sosial qayğı göstərilməsi nümunəvi addım kimi yüksək dəyərləndirilməlidir:
"Ukraynalı uşaqların ölkəmizə gətirilməsi, onların sosial reabilitasiyasının təşkili, daha sakit bir mühitdə qalmaları psixi gərginliyin azaldılması üçün vacibdir. Bu addım Azərbaycanın həm də dost ölkəyə uzatdığı yardım əlidir. Müharibədən əziyyət çəkən, müharibənin ağrı-acısını canında hiss edən, onu yaşayan ilk növbədə uşaqlar və qadınlardır. Biz bunu Qarabağ müharibəsi zamanı yaşamışıq, o dəhşətləri bizim qadınlar, uşaqlar görüb. Uşaqlar ən həssas kateqoriyadır. Və onlar müharibə dəhşətlərini daha ağrılı keçirir. Böyüklərdən fərqli olaraq uşaqlar daha ciddi psixoloji gərginliyə məruz qalırlar, ciddi psixoloji travma alırlar. Bir uşaq oyuncağını itirdikdə dərin stress keçirir. Bu, biz böyüklərə qəribə, anlaşılmaz görünə bilər. Amma yada salsaq ki, özümüz uşaq olanda hansısa oyuncağımızı necə sevmişik, ondan ayrılmaq istəməmişik, evləri raket zərbəsinə məruz qalaraq dağılan, bütün əşyalarını itirmiş insanların, o cümlədən də oyuncağı itmiş, sınmış uşağın hansı ağrını keçirdiyini anlaya bilərik".
  M.Zeynalova qeyd etdi ki, münaqişə və müharibə ocaqlarındakı uşaqların sosial-psixoloji reabilitasiyası böyük əhəmiyyət daşıyır:
"Müsbət haldır ki, ukraynalı uşaqlar ölkəmizə gətirilib və onların reabilitasiyası ƏƏSMN tərəfindən həyata keçiriləcək. Bu, xüsusi proqram əsasında olacaq. Uşaqlar tibbi və psixoloji müayinədən keçiriləcək, hansı dərəcədə psixoloji travma aldıqları müəyyənləşəcək. Buna uyğun da reabilitasiya proqramı icra olunacaq. Yaxşı olan budur ki, onlar tək deyillər. Birlikdədilər. Eyni coğrafiyadan, bir ölkəyə mənsub olmaları və eyni aqibəti bölüşmələri uşaqları daha da birləşdirir, daha da dostlaşdırır. Bu uşaqlarla uyğun psixoloji iş aparılmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün də reabilitasiya proqramlarının düzgün təşkili çox önəmlidir. Çalışmaq lazımdır ki, uşaqlar müharibə dəhşətlərini mümkün qədər unutsunlar. Dünyada yaxşılıqların və yaxşı insanların olduğuna inansınlar".