Zəncirbənddəki “YKK”nın sirri: Dünya onun ardınca düşüb

 Üzərinizdə zəncirbəndli (fermuar) geyim varsa, diqqətlə baxın. Üzərində “YKK” hərfləri olmalıdır. Əgər brenddirsə. Saxtası da ola bilər. Amma dünyanın məşhur moda evlərinin istehsal etdiyi geyimlər zəncirbəndlidirsə,  çalışırlar onu “YKK”-dan əldə etsinlər. Nədir bunun sirri və kimdir YKK? 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu sirri açır. Yapon sahibkar Tadao Yoshida zəncirbənd istehsal edən firmasını 1934-cü ildə qurub.  YKK-nın açılımı da  “Yoshida Kogyo Kabushikikaisha”dır. Yapon dilində bu, “Yoshida Limited Şirkəti”  anlamına gəlir.  "Calvin Klein", "Tommy Hilfiger", "Armani" və "Mavi jeans" kimi  ünlü markalar YKK ilə əməkdaşlıq edir. Bu yapon firması bu gün dünyadakı zəncirbənd istehsalının 90 faizini qarşılayır.
 Tadao Yoshida zəncirbənd icad etməyib. Əsrlərdir geymlərin, çantaların ayrılmaz hissəsi olan bu icad 1851-ci ildə Elias Hoveyə məxsusdur. O, 19-cu əsrdə avtomatik, geyimləri sürətli qapatma üçün patent əldə edib. Lakin E.Hove, özünün məşhur icadı olan tikiş maşınından sonra zəncirbənd ideyasından vaz keçib. Zəncirbənd 1890-cı illərdə amerikalı Vitkomb Cadson tərəfindən icad edilib və “zəncir kilid tutdurucu” adını alıb. Sonradan “Talon”, “Inc” adında şirkət zəncirbəndlərin istehsalına başlayıb. Amma məhz yapon Tadao Yoshidanın qurduğu YKK  şirkəti bu gün moda sənayesində rəqibsizdir. Yapon sahibkar şirkətini inkişaf etdirmək üçün ABŞ-dən 1950-ci ildə keyfiyyətli zəncir istehsal edən dəzgah alıb. Bu dəzgah sayəsində zəncirbəndlər daha da keyfiyyətli və möhkəm istehsal edilib. Şirkət ildə 10 milyarda yaxın məhsul istehsal edib. Və hazırda dünyanın 73 ölkəsində fəaliyyət göstərir. Bu ölkələrdə şirkətin 206 fabriki var. Bu fabriklərdə 9 min 500 rəngdə zəncirbənd istehsal edilir.  Şirkət suda zərər görməyən zəncirbəndlər istehsal edir. Müxtəlif rənglərdə və yüksəkkeyfiyyətli zəncirbəndlərə tələbat yüksəkdir.  Məşhur moda evləri də məhz bu xüsusiyyətlərinə görə zəncirbəndləri bu şirkətə sifariş verir. Beləcə, bir amerikalının icadı bir yaponu dünya nəhənginə çevirib.