Hər uşağı olanlara 75 min dollar - Limiti yoxdur

Cənubi Koreya şirkəti ölkədə aşağı doğum səviyyəsi ilə mübarizə aparmaq üçün işçilərinə hər dəfə uşaq dünyaya gətirdiklərinə görə 75 min dollar verəcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group", keçirdiyi mətbuat konfransında işçilərinə "hər uşaq dünyaya gələndə" 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırdıqlarını açıqlayıb.

Şirkət həmçinin əlavə edib ki, 2021-ci ildən bəri ümumilikdə 70 uşaq dünyaya gətirən işçilərə ümumilikdə 7 milyard Koreya vonu (5,25 milyon dollar) pul ödəniləcək.

3 UŞAĞI OLAN İŞÇİLƏR MÜKAFAT OLUNACAQ

Hökumət tikinti üçün torpaq sahəsi təmin edərsə, üç körpəsi olan işçilərə 300 milyon Koreya vonu (225.000 ABŞ dolları) məbləğində nağd pul və ya kirayə ev almaq arasında seçim hüququ veriləcək.

Rəsmi məlumatlara görə, Cənubi Koreya hazırda dünyada ən aşağı doğum səviyyəsinə malikdir. Mütəxəssislərin proqnozlarına görə, bu nisbətin 2025-ci ilə qədər daha da azalacağı gözlənilir.

"Ümid edirik ki, biz doğumların təşviqinə və ölkənin gələcəyi ilə bağlı narahatlıqlara töhfə verən bir şirkət kimi tanınacağıq" dedi şirkət mövzu ilə bağlı açıqlamasında.