İran ABŞ ilə  dolayı danışıqların keçirildiyini təsdiqləyir

İran ABŞ ilə Omanda dolayı danışıqların keçirildiyini təsdiqləyir.

Trend-in məlumatına görə, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi medianın sorğusuna cavab olaraq bildirib.

İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib ki, İran və ABŞ nümayəndələri arasında Omanda dolayı danışıqların keçirilməsi adi bir prosesdir.

İran nümayəndəliyi qeyd edib ki, bu danışıqlar nə birincisi idi, nə də sonuncu olacaq.

Qeyd edək ki, “Axios” portalı ötən gün ABŞ və İranın bu həftə Omanda Yaxın Şərqdə təhlükəsizlik məsələsi ilə bağlı dolayı danışıqlar apardığını bildirib.

Danışıqlarda ABŞ tərəfindən Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Peyli iştirak edib. Məsləhətləşmələrdə İran tərəfindən kimin iştirak etdiyi açıqlanmayıb.

Qeyd olunub ki, danışıqlarda İranın və onun proksi qüvvələrinin regionda fəaliyyətinin mümkün nəticələri, eləcə də ABŞ-nin Tehranın nüvə proqramı ilə bağlı narahatlığı müzakirə olunub.