Çingiz Qənizadə: BCM-də hər iki lider haqqında belə iddialar qaldırılırsa

 Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, eləcə də HAMAS liderlərindən Yahya Sinvar, İsmayil Haniyə, Məhəmməd Diab İbrahim əl-Məsri və “Al-Qassem” briqadasının lideri Məhəmməd Deyfin həbsinə order verilməsini tələb edib.
Məhkəmənin baş prokuroru Karim Xan onlara qarşı insanlıq əleyhinə cinayətlər və digər epizodlar üzrə çoxsaylı ittihamlar irəli sürüb.
Xatırladaq ki, Netanyahu və Qallant həmçinin kütləvi soyqırımı törədilməsi, müharibə dövründə işgəncə üsulu kimi insanların aclığa məhkum edilməsi, Qəzza bölgəsinə humanitar yardımların çatdırılmasına əngəl törədilməsi və digər hüquqazidd əməllərdə təqsirləndirilirlər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında bildirib ki, artıq ABŞ-də bəzi konqresmenlər BCM-ni hədəfə alıblar:
"Əgər Beynəlxalq Cinayət Məhkəməsi belə bir qərar qəbul edərsə, ABŞ-nin rəsmi dairələri BCM-nin özü ilə bağlı konqresdə məsələ qaldıracağını, sanksiyalar tətbiq edəcəyini bildirib. BCM-də hər iki lider haqqında belə iddialar qaldırılırsa, deməli bu kifayət qədər araşdırılıb. HAMAS-İsrail müharibəsi başlayandan bəri mən həmişə demişəm ki, nə HAMAS-ın İsrailə hücum edib mülki əhalini öldürüb girov götürməsi doğrudur, nə də İsrailin Qəzza əhalisini qətl etməsi. Müharibə başlayandan İsrailin əməliyyat apardığı yerlərdə 35 mindən çox insan həlak olub". 

Ç.Qənizadə əlavə edib ki, ABŞ rəsmi dairələrinin bu məsələdə həmrəylik göstərəcəklərinə şübhə ilə yanaşıram:
"Çünki ABŞ istəsəydi İsrailin Qəzza zolağındakı çoxlu insan tələfatına yol verən əməliyyatlarına mane ola bilərdi".