Rusiya ilə İran arasında əhatəli saziş Tehran tərəfindən bu sənəddə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qaydalarının yerinə yetirilməsindən sonra imzalana bilər.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələrinin iclasının yekunlarına dair keçiriləm mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sənədin prezidentlərin təsdiqinə və müvafiq olaraq imzalanmaya təqdim edilməsi üçün İran İslam Respublikası tərəfindən sazişdə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qanunvericilik qaydalarının yerinə yetirilməsi lazımdır.
"Hələ ki, onlar yerinə yetirilməyib. Sənədin mətni tam razılaşdırılıb", - Lavrov əlavə edib.
Lavrovun fikirlərinə münasibət bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, İran və Rusiya arasında əhatəli razılaşma sənədinin imzalanması ilə bağlı hazırlıq işləri 1 ilə yaxındır davam edir:
“Bu ilin əvvəllərində Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu Tehranda olub və sənədin hər bir istiqamətini müzakirə edib. Ona görə də İran və Rusiya arasında imzalanacaq əhatəli sazişdə hərbi sənaye məhsulları, Qərbin tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsi ilə bağlı atılacaq addımlar və energetika sahəsində görüləcək işlər nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələ İranda Prezident seçkilərindən sonra yenidən aktuallaşacaq. Sənədin imzalanmasının daha çox Moskva və Tehrana əhəmiyyəti var. Çünki hər iki ölkə eyni təzyiqlərə və məhdudlaşdırıcı tədbirlərə məruz qaldığına görə qüvvələrini birləşdirərək iqtisadi çətinliklərdən xilas ola bilərlər. Digər tərəfdən Yaxın və Orta Şərqdəki problemlərə də onların münasibətləri oxşardır. Rusiya-İran Suriya, İraq və HƏMAS məsələsinə də eyni mövqe sərgiləyirlər. Eyni zamanda, Qərbin regional təsirlərinə qarşı birgə fəailiyyət göstərirlər. Sözügedən müqavilənin daha çox bu istiqamətdə olacağı istisna edilmir”.