Ermənistanda polis zorakılığı: Demokratiyadan dəm vuran Qərb niyə göz yumur? -ŞƏRH

“Bu gün Nikol Paşinyan Qərbin siyasi imperialist dairələri tərəfindən yetişdirilən şəxs olaraq Ermənistan hakimiyyətindədir. Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin İrəvana səfəri və verdiyi mesajlar fonunda görürük ki, Qərb və Avropa İttifaqının Fransa başda olmaqla bəlli dairələri Ermənistandan tamamilə Rusiyanı kənarlaşdırmağa çalışırlar”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov 
Ermənistandakı mülki şəxslərə qarşı polislərin qəddar davranışlarını şərh edərkən deyib. 

O bildirib ki, Qərb Ermənistanda siyasi təsirlərini gücləndirməklə yanaşı, həm də iqtisadi baxımdan Rusiyanı əvəz etməyə çalışır:

"Paşinyanın Parlament iclasında KTMT-ni Ermənistanın tərk etməsi ilə bağlı açıq mesaji, Belarusyada Lukaşenko hakimiyyəti əleyhinə verdiyi kəskin ifadələr O’Brayenin səfərindən dərhal sonraya təsadüf edir ki, bu da çox düşündürücü  məqamdır. Ermənistan polisinin müxalifətə qarşı kəskin davranışları da Rusiya mərkəzli təşkilatlara yönələn addımlardır. ABŞ və Ermənistan arasında gömrük sadələşdirilməsi haqqında imzalanan saziş də Qərbin Ermənistandakı Rusiya iqtisadi üstünlüyünü ələ keçirməyə hesablandığını göstərir. Bunun qarşılığında isə Ermənistanda aksiyaçılara qarşı həyata keçirilən kobudluqlara Qərb instutları göz yummaq məcburiyyətində qalırlar. Təəssüflər olsun ki, bu ikili standartlar uzun illər davam edib. Azərbaycan torpaqları işğal altında olan dövrdə də işğalçı ilə işğala məruz qalana fərq qoyulmurdu. Bu gün digər ölkələrdə demokratiyanın vəziyyəti haqqında uydurma hesabatlar hazırlayan Qərb instutları Ermənistanda mitinq keçirənlərə qarşı polisin apardığı ifraf müdaxilələrə susurlar”.