Əgər Durov Bakıda həbs edilsə idi, Avropanın bütün təşkilatları şivən qoparmışdı- Acıqlama

"Telegram" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov ötən gün Fransada həbs edilib. Onun həbsiinsan hüquqlarına və söz azadlığına zərbədir. Sosial şəbəkələrdə bir sıra məqamlar narahat edici kontent daşısa da insan hüquq və azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunma repressiv metodlarla tənzimlənməlidir.
Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik göstərmədiyi halda ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız olacaq.
Maraqlıdır əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda X və Meta rəhbərliyi də həbs edilməlidirmi?
Dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır, Aİ niyə açıqlama vermir? 
Halbuki Azərbaycanda belə hal baş versəydi, bəyanat verməyən bir Qərb rəsmi dairəsi,  institutu qalmayacaqdı.

Mövzu ilə əlaqədar "Sherg.az"a açıqlama verən politoloq Tural İrfan Qərbin, əsasən də ABŞ-nin bir çox insan haqlarını guya tərənnüm və təmsil etdiyini deyən təşkilatlarını mahiyyət etibarı ilə nəinki dünyadakı ədaləti, insan hüquqlarını müdafiə etmək, yalnız özlərinin dövlət maraqlarını qorumaq üçün olduğunu bildirib:

"Pavel Durovun həbs edilməsi Fransa tərəfindən həyata keçirilməklə Qərbin insan hüquqlarına nə qədər zərbə vurduğunu bir daha sübut edir. Onların siyasi tələbinə görə müsəlman və türk dövlətləri ilə Qərbin heç bir şirkəti münasibət saxlaya bilməz, ora gedə bilməz, görüş keçirə bilməz. Lakin bunu əsla üzdə, zahirdə bəyan etmirlər, lakin gizli dairələrin daxili qərarı belədir. Qərbin, Avropanın adını insan haqları, demokratik dəyərlərin təbliği qoyan təşkilatları yalnız qatı səlibçi, İslam və türk düşməni olan gücləri, fərdləri qorumaq, müdafiə etmək üçündür. Fransanın belə bir şəxsi həbs edərək onun barəsində terrorçuluq, narkotik ticarəti kimi ittihamlar irəli sürməsi Azərbaycana da ilişməkdir. Yəni belə bir adam Azərbaycanda olub, oradan Fransaya gedərkən də həbs edilib. Əgər o şəxs Fransanın ittihamda səsləndirdiyi əməllərin sahibi idisə Bakıya gəlmədən əvvəl nə üçün onun haqqında araşdırma, axtarış verilməyib, heç bir iddia olmayıb? Demək burada başqa məqsədlər var. Əgər Azərbaycan daxilində belə bir şəxs həbs edilsə idi, Qərbin, Avropanın bütün təşkilatları şivən qoparmışdı ki, müsəlman ölkəsində insan hüquqları pozulur, qanunsuz həbslər var və. s. Ancaq indi nədənsə susurlar. Bu o deməkdir ki, Fransanın kəsdiyi başa sorğu yoxdur? Budur "insan haqlarının müdafiəsi?" 

Ekspert Fransanın hazırda tamamilə anti-demokratik, repressiv, aqressiv siyasət apardığını və açıq - aşkar orta əsr səlibçi məfkurəsinə müvafiq addımlar atdığını da vurğulayıb:
 "Demokratik dəyərlərin pozulduğu Fransada baş verən belə hallara Beynəlxalq İnsan haqları İnstitutları, təşkilatlar ona görə susur ki, onlar həqiqi demokratik dəyərlərin yaşamasına, insan haqlarının qorunmasına yox, xüsusi maraqlara, kimlərinsə ambisiyalarına xidmət edir.
Həmin təşkilatlar müsəlman ölkələrini şantaj etmək, sıxışdırmaq üçün təşkil olunub. Avropa İttifaqı nədənsə Fransanın əməllərini insan hüquqları, demokratiya meyarları ilə ölçmür, qiymətləndirmir. Tam qərəzli, tam ədalətsiz olaraq daima ədalətsizliyi, vandalizmi, aqressiyanı müdafiə edir. İllərdir ermənilərin Azərbaycana qarşı insan hüquqlarına zidd olan əməllərinə də Fransa haq qazandırır, Qərbin aidiyyəti təşkilatları da susurdu, ya manipulyasiya edərək dolayı yolla yenədə aqressoru müdafiə edirdi".

Politoloq sonda qeyd edib ki, Aİ-nın hazırki durumda susması Fransanın hüquqa zidd əməlinə haqq qazandırmaq məqsədi daşıyır. Özünü etibardan salan, daha doğrusu belə ədalətsiz mövqeyi ilə özünü ifşa edən bu birlik əslində Fransa kimi anti-demokratik, aqressiya və repressiya tərəfdarı, icraçısı olan dövlətlərin tribunası olduğunu sübut etmiş oldu.

Banuçiçək Kalbalıyeva