Pezeşkianın təzadlı çağırışı: Suriyada problemin siyasi həlli mümkün görünmür

İran Prezidenti Məsud Pezeşkian İran parlamentində bugünkü çıxışında Suriya böhranı ilə bağlı fikirlər səsləndirib. O,  müsəlman ölkələrin Suriyadakı daxili münaqişəyə müdaxiləsi, ABŞ və İsrailin vəziyyətdən sui - istifadə etməsinə imkan verməməsi ilə bağlı çağırış edib.

Pezeşkianın sözlərinə görə, Təkfirçi terrorçuların Suriya torpaqlarına təcavüzünü ABŞ və Avropa ölkələri dəstəkləyir. O cümlədən, Suriya böhranı  Amerika və Avropa silahlarından istifadə etməklə həyata keçirilir.

Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Pezeşkianın bu çıxışı tamamən təzadlarla doludur:

"Çünki Pezeşkian özü müsəlman dövlətlərinə Suriyanın daxili işlərinə qarışmamağı tövsiyə edir. Həmçinin İran tərəfi Suriyada fərqli-fərqli qrupları dəstəkləyir, hətta orada özü bir neçə silahlı qruplaşmanın yaradılmasında ittiham olunur. Bu ittihamların da gerçəklik payı var. Belə olan halda Pezeşkian İran dövlətinin Prezidenti kimi hansı haqla digər dövlətlərə çağırışlar edir. Əgər bu çağırışlarda səmimidirlərsə, onda gərək İran tərəfi birinci özü Suriyadakı terror qruplarına dəstəyi, bu ölkənin daxili işlərinə qarışmağı dayandırsın. Eyni zamanda Suriya xalqının azad seçim etmək və öz müqəddəratını özü təyin etmək haqqına hörmətlə yanaşsın. Çünki Suriya xalqının əksəriyyəti Bəşər-Əsəd rejimini istəmir. Xalqın iradəsinə zidd olaraq isə İran Bəşər-Əsədi qorumaq üçün Suriyada 13 il ərzində tökmədiyi qan, həyata keçirmədiyi radikal siyasət qalmadı".

Şərhçinin fikrincə, Pezeşkian ABŞ və Avropa ölkələri ilə bağlı fikirlərində haqlıdır:
"Suriyadakı qrupların bəzilərini isə sırf Qərb dövlətlərindən, xüsusilə Amerikadan alınan dəstəklərlə təşkil edir. Biz bura YPG/PKK kimi terror təşkilatlarını əsas örnəklər olaraq göstərə bilərik. Bu təşkilatların əsas məqsədi isə bölgədə Amerika maraqlarını həyata keçirmək, tək Suriyaya deyil, ətrafdakı dövlətlərə də həmin terror təşkilatları vasitəsilə təsir imkanları yaratmaqdır. YPG/PKK terror təşkilatları Türkiyənin milli təhlükəsizliyini pozmağa çalışırlar. Bununla yetinməyib Suriya xalqının iradəsinə zidd olaraq bölgədə terror fəaliyyətləri ilə məşğuldurlar. Həmçinin onlar İraqda aktiv şəkildə fəaliyyət göstərir, İraq xalqının da təhlükəsizliyini ciddi təhdid altına atırlar. Amma YPG-yə Amerika dəstək verdiyi kimi, Iran da PKK-ya dəstək verir. Yəni Pezeşkian müsəlman dövlətlərindən birlik gözləyirsə, birlik şəklində hərəkət etmələrini istəyirsə, o halda niyə Türkiyə kimi bölgənin əsas siyasi ordusu olan bir dövlətin milli maraqlarına zidd hərəkətlər edir? Bundan əlavə, Pezeşkian müsəlman dövlətlərinin birliyindən, müsəlman ölkələrinin haqlarının müdafiəsindən danışırsa, özü niyə İraq, Suriya xalqının istəklərini nəzərə almır?".

Həşim Səhrablının sözlərinə görə, müsəlman ölkələri bu çağırışlara reaksiyalar göstərməyəcək:
"Türkiyə özü Pezeşkianın çağırışlarına məhəl verməyəcək. Çünki Türkiyə Suriyada öz təhlükəsizliyini qoruya bilməyəcəksə, hansısa səbəblə Pezeşkianın çağırışlarına dəstək verməlidir və ya bu çağırışlardan yola çıxıb öz siyasətini həyata keçirməlidir. Digər tərəfdən ərəb ölkələri də yaxşı fərqindədir ki, İran azacıq güclənsə və yaxın Şərqdəki bütün problemlərini həll edib dominantlıq qura bilsə, ərəb dövlətləri onun növbəti hədəfi olacaq. Buna görə onların da İranın həyata keçirəcəyi yaxşı və ya pis olmasından asılı olmayaraq heç bir addıma dəstək verməyəcəyini gözləmək mümkün deyil. İranın burdakı maraqları bölgədə öz dominantlığını qurmaq, maraqlarını təmin etmək, bütün anti-iran qüvvələri zərərsizləşdirmək və sadəcə İranın istədiyi qüvvələrin siyasi iqtidarı ələ keçirərək İran maraqlarından çıxış etməsini təmin etməkdir ki, buna da heç bir dövlət razı olmayacaq. Hətta onlar bacardıqları qədər bu addımlara qarşı gələcəklər. Ümumiyyətlə Suriyada problemin siyasi həlli mümkün görünmür və münaqişəli vəziyyət davam edəcək. Amma qısa zamanda da hər hansı bir tərəfin yekun qələbə qazanacağını da gözləmək qeyri-mümkündür. Nəticə etibarı ilə Suriya problemi bundan sonra da davam edən xətlə inkişaf edəcək. Həmçinin tərəflər yenə də mövqeli mübarizələri  çərçivəsində qarşıdurmalar şəraitində yaşayacaq".