Suriyada devrilmiş Bəşər Əsəd rejiminin Ermənistanla yaxın əlaqələrinin olduğu hər kəsə məlumdur. Eyni zamanda Ermənistan hərbçiləri Hələbdə xidmət edir. Minatəmizləmə kimi qələmə verilən bu xidmət əslində Əsəd rejiminə dəstək məqsədi daşıyır. Həmçinin Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərib.
Suriyada erməni terror təşkilatları, onların Əsəd rejimi ilə sıx əlaqələri indi də davam edir. Buna misal olaraq, Nubar Ozanyan adına erməni batalyonunu göstərmək olar. Bu qruplaşma 2019-cu ildə yaradılıb və Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edib. Bundan başqa Ermənistan Suriya ilə hərbi sahədə geniş əməkdaşlıq edir. Üstəlik, İran vasiyəsilə Suriyaya hərbi texnika göndərməsi də gizli deyil. Digər tərəfdən Bəşər Əsəd rejimi də həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı olub. Necə ki, Kəşmir məsələsində də Pakistanı deyil, Hindistanı dəstəkləyib.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a bildirib ki, Suriya Bəşər Əsəd və onun atası Hafiz Əsədin dövründə erməni terror təşkilatlarına kifayət qədər dəstək göstərib:
"Ermənistan Suriyanın "köhnə xidmətləri"ni unutmur. Eyni zamanda 2019-cu ildən aktiv şəkildə İrəvanın dəstəklədiyi qruplaşmalar Suriyadakı rejimə yardım edir. Lakin bunların heç biri Əsəd rejiminin çökməsinin qarşısını ala bilmədi. Digər tərəfdən bundan sonra Suriya və Ermənistan arasında münasibətlərin necə olacağına gəldikdə isə bu situasiyanın dumanlı olma ehtimalı var. Suriyada yeni hökumət qurulub. Amma hökumətin tam olaraq nə qədər fəaliyyət göstərəcəyi və bundan sonra hakimiyyətə kimin gələcəyi hələ də tam olaraq müəyyənləşməyib. Bununla yanaşı, artıq ermənilərlə köklü münasibətlərə sahib olan Əsəd ailəsi olmadığına görə, Dəməşq və İrəvan arasında köhnə münasibətlər olmayacaq".