AP-nin boğazdan yuxarı debatı: Zurabişvilinin dəvəti qəsdli məqsəd daşıyır

Bu gün Avropa Parlamentində Gürcüstanla bağlı növbəti debat keçiriləcək.
AP-nin Prezidenti Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvilinin də Avropa Parlamentinə dəvət olunduğunu bildirib.
Prezident Zurabişvilinin çıxışının nə vaxt olacağı hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Zurabişvili bəyan etmişdi ki, ölkə dərin siyasi böhrana girdiyi üçün yeni parlament seçkiləri keçirilməlidir və bu prosesdə Avropa yardımçı olacaq. Oktyabrın 26-da isə keçirilmiş parlament seçkilərinin nəticələri təsdiqləndi. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası 89 (53,93%) səs çoxluğu ilə qalib gəldi.

Politoloq Tural İsmayılov "Sherg.az"a söyləyib ki, Avropa Parlamenti Qərbin ən təhlükəli strukturlarından biridir:

"Sözügedən qurum nə siyasi etiket qaydalarını bilir, nə də normal diplomatik əxlaq qaydası nümunəsi göstərir. Həmçinin AP-nin bütün fəaliyyəti yalnız dağıdıcılığa və ölkələr arasında fərqə xidmət edir. Bu qurum bütün fəaliyyəti boyunca xalqlara qarşı ayrıseçkiliyi ən üst səviyyəyə çatdırıb. AP-də təmsil olunan siyasilərin bir çoxu erməni lobbisinin də təsiri altındadır. Eyni zamanda Ayrı-ayrı lobbi dairələrin tapşırıqları ilə tamamilə məntiqdən, ağıldan və rasionallıqdan kənar qərarlar verən və müzakirələr aparan quruluşdur. Gürcüstanda çox uğurlu şəkildə keçirilən parlament və prezident seçkilərindən sonra Qərb Gürcüstanı şantaj etməyə, sanksiyalara məruz qoymaqla bağlı hədələdi. Elə bu fonda AP-də Gürcüstan məsələsinin müzakirəyə çıxarılması sözügedən strukturun başdan ayağa hərb maşınından ibarət olduğunu növbəti dəfə nümayiş etdirmiş olur".

Politoloqun sözlərinə görə, AP-də keçirilən "debatlarda" Gürcüstana qarşı növbəti boğazdan yuxarı və reallığa əsaslanmayan hədələrin səslənəcəyini güman etmək olar:
"Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvilinin buraya dəvət edilməsi də qəsdli məqsəd daşıyır. Gürcüstanda Prezident seçkiləri bir neçə gündür ki, artıq yekunlaşıb. Lakin gürcü xalqının və seçicilərin iradəsini qəbul etməyən Avropa Parlamenti kimi qondarma təşkilatlar Gürcüstanın vəziyyətini daha da gərginləşdirmək və böyük xaos yaratmaq istəyirlər".