Cahangir Məmmədli: Klassika anlayışının mahiyyətində həm də bütün dövrlər üçün müasirlik dayanır
Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqı üçün də klassika yarandığı çağdan başlayaraq zaman həddi tanımadan öz mahiyyətində aktuallıq və müasirlik keyfiyyəti daşıyır. Azərbaycan ədəbi-bədii, fəlsəfi-bütövlükdə humanitar fikir tarixinin bütün sahələrində olduğu kimi, mətbuat dünyasında da klassik məktəblərimiz özünü göstərməkdədir. Bu sahədə H.Zərdabi, Mirzə Cəlil mətbu məktəbləri sırasında Məhəmməd Əmin Rəsulzadə məktəbinin öz yeri var. Bu məktəb M.Ə.Rəsulzadənin ömür boyu uğrunda mübarizə apardığı milli azadlıq ideyasına söykənərək günümüzə gəlib çatmış və yəqin ki, hələ illər və qərinələr boyu öz aktuallığını göstərməkdə davam edəcəkdir.
Bütün bunlara görədir ki, Azərbaycan özünün müstəqillik çağında klassik mətbuatımızın və publisistikamızın tədqiqinə, xüsusilə sovet ideoloji sisteminin senzura qadağaları qoyduğu klassik mətbuatımızın obyektiv tədqiqinə diqqəti artırmışdır. Bununla bağlı Əziz Mirəhmədov, Şirməmməd Hüseynov, İsa Həbibbəyli kimi alimlərimız xeyli iş gördülər. Bu sırada xüsusi olaraq M.Ə.Rəsulzadə irsi daha çox diqqətdə saxlanılmaqdadır. Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu Cümhuriyyət dövrü mətbuatımız və bu mətbuatın hələ xeyli əvvəl bünövrəsini qoymuş M.Ə.Rəsulzadə yaradıcılığını öz tədqiqatlarının aparıcı obyektinə çevirmişdir. Bu sahədə neçə-neçə monoqrafiya və digər statuslu nəşrlərin müəllifi Nəsiman Yaqublu lap bu günlərdə özünün “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” adlı yeni əsərini nəşr etdirmişdir.
Əlbəttə, elmi ictimaiyyət M.Ə.Rəsulzadənin mətbuatla bağlı çoxsaylı məqalələrinə xeyli dərəcədə bələddir. Lakin etiraf edək ki, bu məqalələrin dövrün çox müxtəlif mətbu orqanlarından toplanması, transliterasiyası və nəşrini təşkil etmək, belə bir nəşrin yeni nəslə təqdimi müəllifin elmi yaradıcılığının töhfəsi olmaqla yanaşı, həm də bir vətəndaşlıq işidir. Çünki uzun müddət yaradıcılıq nümunəsi hesab etdiyimiz Qərb jurnalistikası bu gün özünün əsl simasını – dəqiqliyə, qərəzsizliyə, vicdanlılığa, balanslılığa... etinasızlığını göstərdiyi bir məqamda yeni nəsil jurnalistlərimiz məhz özümüzün klassikamıza, o cümlədən M.Ə.Rəsulzadə məktəbinə söykənməyi vacib saymaqdadır. “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” monoqrafiyası məhz bu baxımdan xüsusi bir mənbə rolundadır.
M.Ə.Rəsulzadə yaradıcılığında mətbuata diqqət və müstəsna qiymət nə ilə bağlıdır? N.Yaqublu kitabında təxminən 30 səhifəlik giriş sözünün ilk səhifəsində M.Ə.Rəsulzadənin hələ 1903-cü ildə yaxın dostu M.Rəsuloğlu ilə birlikdə “Şərqi-rus” qəzetində dərc etdirdiyi “Hümmət və qeyrət vaxtıdır” məqaləsindən sitat gətirir: “Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kişiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir”.
M.Ə.Rəsulzadə rus imperiyasına, müstəmləkəçiliyə qarşı mübarizədə, milli tərəqqi yolunda, xalqın qəflət yuxusundan ayılması işində maarifləndirmənin, azad mətbuatın rolunu yüksək qiymətləndirirdi. Nəsiman müəllim doğru qeyd edir ki, M.Ə.Rəsulzadənin mətbuatla bağlı yazıları 1906-cı ildən başlayır. Kitabda toplanan saysız-hesabsız məqalələri sübut edir ki, M.Ə.Rəsulzadə yaradıcılığının bütün dövrlərində həm mətbuatdan öz sözünü xalqa çatdırmaq üçün istifadə etmiş, həm də mətbuatın ictimai rolunu, vəzifələrini göstərmişdir. Nəsiman Yaqublu yeni jurnalistika nəslinə təqdim etdiyi bu kitabda M.Ə.Rəsulzadənin bu gün üçün də çox ciddi aktuallıq kəsb edən əsərlərini xüsusi diqqətlə tədqiqata cəlb etmişdir.
Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında məqalələri qəzetlərdə çap olunduğu tarixi ardıcıllıqla təqdim edilir. Bu cəhət bir tərəfdən M.Ə.Rəsulzadənin özünün yaradıcılıq inkişafını əks etdirir, digər tərəfdən Azərbaycan mətbuatının problemlərinə tematik cəhətdən yanaşmanı ortaya qoymaqla milli media sisteminə dövr və zaman kontekstində verilən tələbləri göstərir. Bu böyük publisistin mətbuat haqqında “Yeni qəzetə” başlıqlı ikinci məqaləsində mətbuat və zaman kimi vacib bir məsələyə münasibətini həm elmi, həm də bədii-publisistik üslubunda belə ifadə edir: “İstibdadın üfüqü əhatə edən dağları arxasından hürriyyət şəfəqi görükdükcə qəzetlər, jurnallar da çoxalmağa başlayır. İnqilab buludlarından səpilən hürriyyət yağmurları göbələk yağışına misal olaraq, bir çox qəzetlərin birdən-birə meydana gəlməsinə səbəb oldu” (səh.36). Bu sətirlərdə mətbuat tariximizin ən məhsuldar zamanı olan 1900-cü illərdə M.Ə.Rəsulzadənin “İrşad”, “Təkamül”, “Tərəqqi” kimi yeni yaranmış qəzetlərdəki yazılarının hər birində hürriyyət – milli azadlıq, milli maraqlar sisteminə münasibəti çox böyük cəsarət və çox böyük publisist peşəkarlığı ilə maraq doğurur.
Zaman keçir və M.Ə.Rəsulzadə mətbuat haqqında öz fikirlərini daha da genişləndirir. Onun 1919-cu il oktyabrın 25-də Cümhuriyyət parlamentində “Mətbuat Nizamnaməsi haqqında” qanun layihəsinin müzakirəsindəki çıxışı və qanunu mətbuat azadlığına mane ola biləcək bir fakt kimi qəbul olunmasını istəməyənlərə qarşı iradları və mətbuat qanununun vacibliyi haqqında dedikləri də bu günümüz üçün çox aktualdır.
M.Ə.Rəsulzadənin mətbuat haqqında məqalələrini, çıxışlarını bütöv şəkildə ifadə edən bu kitabda onun qəzetə verdiyi qiymət və bu qiymətin dəqiqliyi çox maraqlıdır. Özünün yaratdığı “İrani-nov” qəzetinə yazdığı proqram məqaləsində göstərir ki, “bizim qəzet və mətbuat bütün qüvvələrdən yüksəkdir... Qəzet millətin danışan dilidir. Bir millətin ki qəzeti yoxdur, elə bil ki, o millətin dili yoxdur” (73).
M.Ə.Rəsulzadənin mətbuata verdiyi qiymət onun bu sətirlərində daha aydın ifadə olunmuşdur: “O millət, o məmləkət xoşbəxt və azaddır ki, onun mətbuatı xoşbəxt və azad olsun”. Yüz il bundan əvvəl deyilən bu fikir Azərbaycanın milli maraqları sistemində həmişə aktual olmuş və bu gün də aktualdır. Biz böyük mütəfəkkirin bu istəyinə hələ 1919-cu ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə nail olsaq da, Rusiya imperiyasının 1920-ci ildə Azərbaycanı işğalından sonra yenidən bu imperiyanın dünyada görünməmiş senzura siyasətinin qurbanına çevrildik. Lakin 1992-ci ildə qazandığımız yeni Müstəqil Respublika dövründə ölkəmizdə tam azad mətbuat sisteminin formalaşmasına nail olduq. M.Ə.Rəsulzadə arzusu yerinə yetirildi.
N.Yaqublunun yeni kitabında M.Ə.Rəsulzadənin milli mətbuat tariximizin “İrşad”, “Təkamül”, “Tərəqqi”, “Açıq söz” və s. kimi qəzetlərdə mətbuata dair yazıları yer almışdır. Kitabın müəllifi M.Ə.Rəsulzadənin mühacirət dövründəki yaradıcılıq faktları kimi müraciət etdiyi “Yeni Qafqaziya”, “Azəri-Türk”, “Odlar Yurdu” jurnallarındakı yazılarını da oxucuya təqdim etmişdir.
Bir daha qeyd edək ki, “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” adlı kitab bu klassik mətbuat nümayəndəsinin mətbuat sahəsindəki fəaliyyətini hərtərəfli şəkildə meydana qoymuşdur. N.Yaqublu öz tədqiqatında M.Ə.Rəsulzadənin mətbuat haqqında fikirlərinin ifadə olunduğu bütün mənbələri, o cümlədən, hətta şəxsi məktublarında, yazışmalarında mətbuat problemlərinin əks olunduğu məqamları da oxucuya təqdim etmişdir.
Tədqiqatdan o da məlum olur ki, M.Ə.Rəsulzadə təkcə mövcud mətbu orqanlarda publisist kimi iştirak etməklə kifayətlənməmiş, habelə o özü bir sıra qəzet və jurnallara redaktorluq etmişdir. Bu sırada “Hümmət”, “Təkamül”, “İrani-nov”, “Müsavat”, Türkiyədə yaratdığı və redaktoru olduğu “Yeni Qafqaziya”, “Odlu Yurd”, Berlində nəşr edilən “Qurtuluş” və s. kimi mətbu orqanları haqqında qısa məlumat kitabda nəzərə çatdırılmışdır. Bütün bu faktların mənbəyi kimi kitabda qırxa yaxın qəzet, iyirmiyə yaxın jurnalın arxivlərdəki toplularına müraciət edilmişdir. O cümlədən, professor Şirməmməd Hüseynovun M.Ə.Rəsulzadənin ədəbi irsi ilə bağlı tərtib etdiyi əsərləri, kitab müəllifinin tədqiqat obyekti ilə bağlı əvvəlki əsərləri və əldə olan digər mənbələrdən istifadə edilmişdir. Kitabdakı “İzahlar”, “Şəxslər”, “Əlavələr” kimi bölmələr bir çox vacib məsələləri işıqlandırır. Bundan başqa, kitabda M.Ə.Rəsulzadənin mətbuatla bağlı fəaliyyəti qısa şəkildə rus və ingilis dillərində də təqdim olunur ki, bu da əsərin daha geniş oxucu kütləsinə ünvanlandığına bir sübutdur. Kitabın M.Ə.Rəsulzadə ilə bağlı klassik mətbuat nümunələrinin 1-ci səhifəsinin illüstrativ təqdimatı da maraq doğuran bir fakt kimi əhəmiyyət daşıyır.
Bu yerdə belə bir fikri təkrar etməyə ehtiyac duyuruq ki, N.Yaqublunun bu kitabı M.Ə.Rəsulzadənin mətbuat haqqında fikirlərinin günümüz üçün nə qədər aktual olduğunu bir daha sübut etməkdədir.
Cahangir Məmmədli