Mayın 1-dən tibbi arayışları elektron qaydada əldə etmək mümkün olacaq.
Musavat.com xəbər verir ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:
Tibb müəssisəsinə ilkin müraciət;
Laborator analizlərin verilməsi;
Həkim qəbullarından keçmək;
Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi;
Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi;
İstifadəçilər “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddətini və ümumi məlumatları yoxlayaraq PDF formatı yükləyə biləcəklər.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, tibb arayışlarının elektron qaydada verilməsi vətəndaşlara xidmətin təkmilləşdirilməsi istiqamətində addım hesab edilə bilər:
“Bunun effektiv çalışması üçün infrastrukturu normal qurmaq lazımdır. Yəni hər bir xəstə haqqında lazımi məlumatların məlumat bazasında olması vacibdir. Ona görədə xəstənin yaşayış yeri üzrə poliklinikalarda, müraciət etdiyi və kartlarının saxlanıldığı yerdə onların bütün müayinə məlumatları olmalıdır. Bu cür arayışlar əvvəlki məlumatların görə və ya yenidən müayinə olunub əldə edilən məlumatlar əsasında verilə bilər. İstənilən halda bunun bütün detalları vətəndaşa izah edilməlidir. Bu arayışlar hansı qaydada və necə alınacağı barədə insanların marifləndirilməsi yaxşı olar. Təəssüflər olsun ki, bunun alınması üçün ödəniş olacaqmı kimi suallar açıq qalır. Bu kimi məsələlər hələ aydın deyil. Bu baxımdan düşünürəm ki, bütün poliklinikalarda və tibb müəssisələrində səhiyyənin sistemə keçməsini təmin edən proqram təminatı olmalı, onun bütün infrastrukturu qurulmalı və xəstənin məlumat bazası ora köçürülməlidir. Bunlar hazır olduqdan sonra bu cür şeyləri asanlıqla icra etmək mümkündür”.