Mart ayına xas yağıntılar var, normaldır - EKOLOQ

Yaz fəslinin ölkəmizə daxil olmasına baxmayaraq, ölkədə, xüsusilə paytaxtda dəyişkən, yağışlı və soyuq hava şəraiti hökm sürür. Yanvar-fevral ayları ərzində havanın normadan isti keçməsi, hazırda isə soyuqların yenidən başlaması əhalidə çaşqınlıq yaradır. 

Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, təbiət öz seyri ilə davam edir:

“Artıq qışdan çıxırıq və bahar fəslidir. Baharda da mütləq yağış olmalıdır. Əgər yağış olmasa, quraqlıq keçsə deyərdik anomal havadır. Mart ayına xas yağıntılar var, el arasında buna boz ay deyirlər. Aprelin ikinci ongünlüyünün sonuna qədər belə yağışlı, küləkli havalar görəcəyik və olması da normaldır. Çünki artıq meyvələr tumurcuqlanıb və çiçək verməyə başlayırlar. Soyuq olarsa, onlar sıradan çıxır. Yağışın yağması torpağa can verir. Narahat olmağa ehtiyac yoxdur, hər şey qaydasındadır. Bəli, insanlar ekologiyaya yan təsirlər edirlər. Bunun qarşısını almaq lazımdır. Yağış yağdığına görə də ümid edirik ki, meyvələr bol olacaq. Əgər çiçəkləmə başlayan vaxtı yağış yağarsa bir az təhlükəli olar”.