İnsanlara hücum edən yarıçılpaqlar viski oğurlamaq istəyiblər - DİN aydınlıq gətirdi

Dünən axşam Səbail rayonunda iki nəfər bıçaqlı şəxs yarıçılpaq halda insanlara hücum edib. Nizami küçəsində baş verən insident zamanı ətrafdakı insanlar həyəcan keçiriblər.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İki nəfər onları sakitləşdirməyə çalışan asayiş keşikçilərinə də hücum etmək istəyib. Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovu Sherg.az-a deyib ki, hadisəyə səbəb oğurluq olub:



“Həmin şəxslər Nizami küçəsindəki bir mağazadan viski oğurlamağa cəhd ediblər. Bunu görən satıcılar narazılıq ediblər. Naməlum şəxslər bıçaqlarını çıxararaq əvvəlcə satıcıya hücum edib, sonra isə küçədəki insanlara hədə-qorxu gəliblər. Bu an həmin ərazidə xidmət edən polis əməkdaşları hər iki şəxsi də zərərsizləşdiriblər”. 

Rəis qeyd edib ki, faktla bağ lı araşdırma aparılıb və hər iki şəxsin kimliyi artıq məlumdur:

“Həmin şəxslər əməkdaşlarımız tərəfindən saxlanılanda onlara da bıçaq çəkilib. Lakin bu, hücum yox, sadəcə hədə-qorxu məqsədli olub. Araşdırmadan sonra məlum olub ki, onlar Yevlax sakinləri Yasin Abdullayev və Mahmud Məmmədovdur. Faktla bağlı lazımi tədbir görülür".

Kənan Novruzov