Ermənistan reallıqlarla barışmalı, təxribatlarından əl çəkməlidir
Rusiya da Azərbaycanın haqlı tərəf olduğunu anlayır
Regionda bütün layihələrin reallaşması, həm də sərhədlərin müəyyənləşməsindən keçir
Postmüharibə dövrünün ən çox müzakirə edilən məsələsi Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və yekun sülh müqaviləsinin imzalanmasıdır. 2020-ci ilin payızında baş tutan Vətən müharibəsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcını qoydu. İndi bölgədəki bütün proseslər ölkəmizin liderliyi altında həyata keçirilir. Postmüharibə dövründə rəsmi Bakı üçün əsas hədəflər sırasında yeni geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmaqdır. Təbii ki, bunun üçün bölgədə sülh və əməkdaşlıq çox vacibdir. Təəssüflər olsun ki, müharibədəki acı məğlubiyyətdən sonra belə ABŞ və Fransadakı erməni diasporu, revanşist güclər və erməni kilsəsi öz həmvətənlərini zəhərləməyə davam edirlər.
Ancaq Ermənistanın müxtəlif rayon və şəhərlərində insanlar revanşist müxalifətin çağırışlarını ciddiyə almır. Erməni xalqı əksərən başa düşür ki, indiyə qədər liderlərinin apardığı siyasət nəticəsində Ermənistan tənəzzülün eşiyinə gəlib. “Gallup” Beynəlxalq Sorğu Mərkəzinin may ayının sonunda apardığı təhlillər də onu deməyə əsas verir ki, bir neçə həftə sonra baş tutacaq seçkilərə maraq cəmiyyətin yalnız yarısını əhatə edir. Əksəriyyət mənəvi böhran və depressiya içindədir. Dəfələrlə vurğulandığı kimi sosial-iqtisadi böhrandan çıxmağın, maddi vəziyyəti yaxşılaşdırmağın yeganə yolu Azərbaycan başda olmaqla qonşulara qarşı ərazi iddialarından əl çəkməkdir. Əsrlərdir davam edən faşist və işğalçı ideologiyanı kənara ataraq sivil cəmiyyət qurmaqdır.
Problem ondadır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyasına mane olub. Başqa sözlə, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək öz ərazisini genişləndirməyə və Qarabağda yeni bir “erməni dövləti” yaratmağa səy göstərib. Odur ki, Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsi düşmənin arzusunu gözündə qoydu. Azərbaycan Ordusunun torpaqları işğaldan təmizləməsi sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edib.
Ekspertlər də birmənalı qeyd edirlər ki, bölgədə sülhün bərqərar olması iki dövlət arasında sərhədlərin müəyyənləşməsindən keçir.
Politoloq Sədrəddin Soltan “Şərq”ə açıqlamasında vurğulayıb ki, ümumiyyətlə, SSRİ dağılandan sonra onun yerində müstəqilliyini elan edən bütün respublikalar ərazilərini sovetlərdən qalma xəritə əsasında müəyyən ediblər. Hətta Rusiya Federasiyası da öz ərazisini həmin xəritəyə uyğun formalaşdırıb. Qonşularla sərhədini SSRİ-nin xəritəsi əsasında müəyyənləşdirib:
“Baltikyanı respublikalar, Latviya, Estoniya və Litvanın əraziləri, Kalininqradın Rusiyanın vilayəti olaraq qalması da həmin xəritə əsasında bölünüb. Başqa sözlə, həmin xəritə beynəlxalq hüquqi aktdır. Əks halda tamam başqa mənzərə yaranardı. Sonradan adlarına müttəfiq respublika yaradılan bir sıra etnosların heç vaxt yerləşdikləri regionda dövləti olmayıb.
Əgər sovetlərdən əvvəlki dövr əsas götürülsəydi, o zaman Ermənistan Azərbaycanın tərkibində bir region olardı. Ancaq keçmiş müttəfiq respublikalar SSRİ xəritəsi əsasında dövlət sərhədlərinin müəyyənləşməsini məqbul sayıblar. Bu həm də yeni münaqişələrin yaranmasından yayınmağa yardımçı olmaq niyyəti daşıyıb. 2020-ci il noyabrın 10-da atəşkəslə bağlı imzalanmış üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması demək idi.
Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Beləliklə, 30 ilə yaxın bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması bu ölkədə bəzi qüvvələrdə məsələ ilə bağlı yanlış təsəvvür yaradıb.
Ermənistanda həmin qüvvələr və ermənilərin saxta istəklərinin havadarları elə zənn edirlər ki, işğal altında saxladıqları Azərbaycan torpaqları Ermənistan ərazisidir. Azərbaycan SSRİ dövrünün xəritəsi əsasında öz ərazisini bərpa edəndə isə erməni hay-küyü və onun yalanı, təbliğ edən KİV-i, diplomatik missiyası, diaspor və lobbisi fəaliyyətə başlayır. Bu zaman onlar uydurma erməni ərazisi və torpaqlarından danışmağa başlayırlar.
Ona görə də Ermənistan işğal dövründə sərhəd anlayışını qoşunların təmas xətti üzrə təsəvvür edib və hazırkı dövrdə yaranmış yeni reallıqdan çıxış etmək üçün hazır olmaya bilər. Ancaq hazırkı reallıq əsasında beynəlxalq hüquq amili dayanır və bütün məsələlər bu çərçivədə həllini tapmalıdır. Bu işdə BMT, ATƏT və digər beynəlxalq təşkilatlar, ayrı-ayrı maraqlı ölkələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına öz dəstəklərini verməlidirlər”.
Analitik vurğulayıb ki, Rusiya artıq öz təklifini sürüb:
“Rusiya Xarici işlər naziri Sergey Lavrov Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsasən Rusiya sərhədlərin demarkasiya və delimitasiyasına başlamasına səy göstərmək üçün təklif irəli sürüb: - “Bu məqsədlə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişik. Eyni zamanda Rusiyanın prosesdə məsləhətçi və vasitəçi kimi iştirakını təklif etmişik”. Nəhayət, bölgənin bərpası, burada həyatın öz axarına qayıtması, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, təhlükəsizliyin təmin edilməsi ümumilikdə Ermənistanla Azərbaycan arasında münasibətlərin yaranmasından asılıdır. Bu həm də iki dövlət arasında sərhədlərin müəyyənləşməsindən keçir. Bu baxımdan beynəlxalq ictimaiyyətin, regionda marağı olan güclərin fəaliyyətinin əsas istiqaməti Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs rejiminin inkişaf etməsi və bu iki dövlətin əlaqələrinin qurulması, sülh sazişinin imzalanması olmalıdır”.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da vurğulayıb ki, bölgədə yeni əməkdaşlığın qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla bir çox layihələrin reallaşması üçün sərhəd məsələsinə aydınlıq gətirilməsi olduqca vacibdir:
“Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası tərəflər arasında gələcək sərhədyanı ərazilərdəki münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bir neçə dəfə bəyan edib. Ölkə rəhbəri Minsk qrupu başda olmaqla, həmsədrləri bu istiqamətdə fəallığa çağırıb. Sülh müqaviləsi münaqişə və müharibə səhifəsinin bağlanması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırılması üçün əhəmiyyətlidir. Dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir. Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçdi, tarixi səhvlərini unudaraq gələcəyə baxdı. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı, hazırda oturduğu torpaqların kimin olmasını yaddan çıxartmamalı və bir daha Azərbaycan Respublikasının torpaqlarına göz dikməməlidir. Bakı cəmi 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan Üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir”.
MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə də qeyd edib ki, tərəflər sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılmasını razılaşdıra bilər:
“Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə sülh müqaviləsinə imza atması hakimiyyətinin bir neçə ilində mümkün ola bilər. Azərbaycan onda Ermənistanla sülh sazişinə gedə bilər ki, Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul edərək sülh müqaviləsinə imza atsın. Ermənistanın Azərbaycanla Laçın və Kəlbəcər istiqamətində dövlət sərhhədində insidentlərə əl atması, Azərbaycanı Ermənistanın ərazisinə daxil olmasını bəyan etməsi göstərir ki, İrəvan əldə olan xəritələrə istinad etmir. Ermənistan tərəfi əllərindəki uydurma xəritələrə istinad edərək yanlış mövqe ortaya qoyub. Həm yaxın tarix, həm də SSRİ dönəmində sənədlərə əsasən, sərhəd məsələsində Azərbaycan konkret olaraq ədalətli mövqe ortaya qoyur. Azərbaycanla və Ermənistanın sərhədlərinin dəqiq göstəricisi əsasən Rusiyada saxlanılan xəritərlərdə təsbit edilib və Azərbaycan da buna əsaslanır. Rusiya tərəfi prosesdə Azərbaycanın haqlı tərəf olduğunu bilir. Üçtərəfli komissiya var və bu istiqamətdə sərhədlərin müəyyənləşməsi Ermənistanda keçiriləcək seçkilərdən sonra aydın olacaq. Azərbaycan torpaqları sovet zamanı yaylaq adı ilə Ermənistana verilib. Bu məsələdə Ermənistanın ərazi iddiası ilə çıxış etməyə hüquqi və mənəvi haqqı yoxdur”.