“Ermənilərin, Qarabağdakı separatçıların bütün provokasiyaları əbəsdir. İndi nəinki Qarabağdakı ermənilər, hətta Ermənistan özü belə Qarabağ məsələsində Azərbaycanla müzakirə aparan tərəf sayılmır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri araşdırmaçı-jurnalist, siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
Ekspert bildirib ki, Paşinyan və seçkilərin nəticələrinə əsasən, Ermənistan əhalisinin böyük hissəsi gələcəyə, ölkələrinin taleyinə daha çox diqqət edir, nəinki Qarabağ ermənilərinin “status” mövzusuna:
“Amma bununla belə Qarabağ mövzusu uzun illər erməni siyasətçiləri üçün alternativ gündəm mövzusu olaraq qalacaq. Siyasi qüvvələr Qarabağ mövzusu ilə bir-birini vurmağa çalışacaq. Bizim üçün isə Xankəndidə oturan erməni separatçısından daha çox Moskvanın mövqeyi mühüm olacaq. Ermənilər əvvəlki kimi “status” tələb edəcək gücdə deyil. Qarabağ ermənilərinin “status” məsələsindən regional siyasət və ya Azərbaycana qarşı əsasən Avropa dövlətləri, Rusiya, müəyyən mənada ABŞ istifadə edəcək. Hətta hiss olunur ki, var qüvvələri ilə Azərbaycandan Qarabağ erməniləri üçün hansısa formada status "qopartmağa" çalışırlar. Bu proses mənə Suriyada kürdlərə muxtariyyət tələb edilməsini xatırladır. Böyük dövlətlər Suriya hakimiyyətini məhz buna məcbur etmək istəyirlər. Suriya kürdləri ilə Qarabağ erməniləri arasında fərq ondadır ki, birincilərin daha əvvəl muxtariyyəti olmasa da, indi ciddi hərbi gücləri var. Qarabağ ermənilərinin isə indi ciddi hərbi gücləri olmasa da, daha əvvəl muxtariyyətləri olub”.
K.Rövşənoğlu vurğulayıb ki, suriyalı kürdlərə siyasi özünüidarə tələb edən dövlətlərin əsas məqsədi kürdlərin taleyi yox, Yaxın Şərqdə Suriya və qonşu ölkələr üçün yeni "mina" basdırmaqdır:
“Azərbaycan daha əvvəl bu "mina"dan əziyyət çəkdiyi üçün onu tamamilə ləğv etməyə çalışır. Fikrimcə, Azərbaycan siyasi-diplomatik cəbhədə elə etməlidir ki, Qarabağ erməniləri mövzusunda xarici güclərin arasında fikir ayrılığı və ya rəqabət yaransın. Yalnız bu halda ermənilərin arzularına son qoymaq mümkün olacaq. Müəyyən zaman tələb etsə də, bu, mümkündür”.