Müharibədən sonra bölgədə real vəziyyətlə barışmaq istəməyən qüvvələr var
Ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənir və adekvat tədbirlər görülür
Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində Təhlükəsizlik Şurası katibinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib. Tədbirdə Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi Hikmət Hacıyev, DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibinin nümayəndəsi iştirak ediblər.
Oktyabrın 29-dək davam edəcək kursda 32 dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə dair mühazirələrlə çıxışları, praktiki məşğələlər və panel müzakirələr nəzərdə tutulur. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirilməsi və dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır.
“DTX respublikada sabitliyin pozulmasına yönəlmiş bütün hallara qarşı qətiyyətli tədbirlər görəcək”
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində DTX rəisi, general-polkovnik Əli Nağıyev deyib. General ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Ə.Nağıyev bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğurduğunu söyləyib. O, həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. DTX rəisi çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışıb. Vurğulayıb ki, respublikamızda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək.
“Ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür”
DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev bildirib ki, hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsi vacibdir. Ə.Nağıyev aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb: “Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür”.
“Bəzi qüvvələr bölgədə stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar”
Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır. Onun sözlərinə görə, bu amil öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb:
“Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyil”. Bununla yanaşı qeyd edilib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar.
Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik Ramil Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.