Professor vurğulayıb ki, həmin ünsürlər Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətindən kənarda deyillər və lazım olan məqamda zərərsizləşdiriləcəklər
“Bəzi qüvvələr bölgədə stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar”. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində, “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib. General bildirib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik Ramil Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.
Təhlükəsizlik Şurasının katibinin diqqət çəkdiyi məqamı “Şərq”ə şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Azərbaycan daxilində də bəzi qüvvələr, xüsusən bir sıra müxalifət partiyalarının rəhbərləri ölkədə qarışıqlıq yaratmaq niyyəti ilə çox təhlükəli fəaliyyət sərgiləyirlər. Professor vurğulayıb ki, həmin ünsürlər Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətindən kənarda deyillər və lazım olan məqamda zərərsizləşdiriləcəklər:
“Məlum məsələdir ki, ölkə xaricində Azərbaycan əleyhinə çalışan qüvvələr hər zaman olub və bu gün də var. Ermənistana dəstək verən qüvvələr Qarabağ Zəfərini heç cür sindirə bilmirlər. Çünki böyük Qələbəmiz Ermənistanı himayə edənlərin həm siyasətini, həm də iqtisadiyyatını ciddi şəkildə sıradan çıxarıb. Ona görə də Cənubi Qafqazda, xüsusən Azərbaycanda öz maraqlarını təmin etmək üçün müxtəlif cəhdlər edirlər. Əsas məqsədləri hakimiyyətə təzyiq göstərmək, daha dəqiq desək, dövlət çevrilişi etməkdir. Əfsuslar olsun ki, xarici ölkələrdə olan bəzi “soydaşlarımız” da onların ruporlarına çevriliblər. Bir sıra yaramaz məmurlar, icra başçıları da öz hərəkətləri ilə şəhid ailələrini, qaziləri hökumətdən narazı salırlar. Amma Azərbaycanın müdafiə qabiliyyətini yüksəltmək üçün istənilən potensiala sahibdir. Ermənistanın arxasında duran kifayət qədər güclü dairələri ram etməyi bacaran Azərbaycan dövləti digər problemləri də həll etmək iqtidarındadır. Əminliklə deyə bilərəm ki, ölkəmizin milli təhlükəsizliyi əmin əllərdədir”.