Gorus-Qafan yolunda gömrük-sərhəd postu quruldu


Kəndlərin Paşinyanın təklif etdiyi alternativ yola çıxış imkanları məhduddur

Ermənilərin ağır tonnajlı maşınları ödəniş edib yenə Azərbaycan ərazisindən keçməyə məcbur olacaq


Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində Azərbaycanın gömrük-sərhəd postu qurulub. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. O deyib ki, noyabrın 10-dan etibarən Azərbaycan tərəfi Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirməyə başlayacaq, yəni nəzarət-buraxılış məntəqəsi quraşdıracaq.

 Qriqoryanın sözlərinə görə, erməni tərəfi də cavab addımları atacaq və gömrük məntəqəsi yerləşdirəcək. Qriqoryan bildirib ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə alternativ “Qafan-Tatev yolu” artıq hazırdır. İddia edib ki, bu yolla həm Gorusa, həm İrəvana getmək mümkündür. Qeyd edək ki, Azərbaycan ötən ilin dekabrında Zəngilan-Qubadlı istiqamətində öz dövlət sərhədlərini bərpa edəndən sonra Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçmişdi. Lakin Azərbaycan tərəfi alternativ yolun çəkilməsinə qədər Ermənistan vətəndaşlarının həmin yolla maneəsiz, yəni gömrük və sərhəd prosedurlarından keçmədən hərəkətinə imkan yaratmışdı. 

Bu ilin avqustundan isə vəziyyət dəyişməyə başladı. Əvvəlcə Azərbaycan tərəfi Qarabağa qanunsuz yükdaşımalarla məşğul olan İran TIR-larına görə Gorus-Qafan yolunun üzərində polis postu yerləşdirdi. İran TIR-larından tranzit yükdaşımalarla bağlı qanunvericiliyin tələbi əsasında yol vergisi tutmağa başladı. Nəticədə İran tərəfi Qarabağa Laçın dəhlizindən keçməklə yükdaşımaları dayandırmalı oldu. Eyni zamanda Ermənistana yük daşıyan İran TIR-ları o zaman qrunt yol olan Qafan-Tatev yolundan istifadə etməyə başladı. İndi isə Azərbaycan Gorus-Qafan yolu üzərində sərhəd-nəzarət məntəqəsi yerləşdirir. Belə vəziyyətdə Ermənistan vətəndaşlarının da bu yoldan istifadəsi sual altına düşür. Çünki sərhəd-gömrük postunu keçmək üçün xarici ölkə vətəndaşları viza təqdim etməlidir. Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdur və deməli, Ermənistan vətəndaşları viza almaqla bu yoldan istifadə edə bilməyəcək. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistanda gündəm Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən Eyvazlı-Çəmənli hissəsində gömrük məntəqəsinin qurulmasıdır. Ekspert qeyd edib ki, 11 noyabr tarixindən etibarən bu yoldan keçən erməni maşınlar da rüsum ödəməli olacaqlar: 

“Ermənistan hakimiyyəti vətəndaşlarına alternativ Qafan-Aqvani-Tatev yolundan istifadə etməyi tövsiyə edir. Paşinyan bildirir ki, alternativ yoldan özü istifadə edib, hər şey qaydasındadır. Lakin əlavə edir ki, hazırda qoşqulu maşınların keçidi çətindir, bunun üzərində iş aparılır. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd edir ki, Eyvazlı-Çəmənli yolundan istifadə etmək istəyənlər müəyyən ödəniş etməli olacaqlar. Yolda gömrük məntəqəsinin qurulmasının üç mümkün nəticəsi ola bilər. Birincisi, üç kəndin - Şahverdilər (Vorotan), Şurnuxu və Bərdzrəvan - təxminən 700 nəfər olan əhalisinin bu yoldan istifadə etməyə məcbur olmasıdır. Kəndlərin Paşinyanın təklif etdiyi alternativ yola çıxış imkanları məhduddur. İkincisi, Eyvazlı-Çəmənli yolundan istifadə edən ermənilərin ödənişi hansı valyuta ilə etməsidir. Ödəniş dollar, yaxud manatla olacaq. Erməni ekspertlər qeyd edir ki, Azərbaycan manatla ödənişə məcbur edə bilər və bu, Azərbaycan valyutasının Ermənistana daxil olması ilə nəticələnə bilər. Əslində ermənilər üzərində təsir imkanlarının artırılması baxımından manatla ödəniş ən unikal variantdır. Üçüncüsü, Ermənistanın Eyvazlı-Çəmənli yolu istiqamətində sərhədin delimitasiyasını qəbul etməsidir. Ermənistan alternativ yolun hazır olduğunu deyir və Azərbaycan suveren ərazisindən keçən yoldan istifadəyə görə erməni maşınlarından da dövlət rüsumu alacaq. Ermənistanın alternativ yolunun əlverişsiz olduğu, xüsusilə yük maşınları üçün çətinlik yaratdığına dair məlumatlar var. Ağır tonnajlı maşınlar yenə Azərbaycan ərazisindən keçməyə məcbur ola bilər”.