Xəyallar gerçəkləşir 

Türk Dövlətlər Birliyi böyük coğrafiyaya demokratiya, sülh, azadlıq və rifah vəd edir

"Nəzərə almaq lazımdır ki, Türkmənistanın da daxil olması ilə təqribən 160 milyonluq əhalini və 1.2 trilyon dollarlıq ümümdaxili məhsulu əhatə edən nəhəng bir istehsal və istehlak bazarından söhbət gedir"

Dünən Türkiyədə Türk Şurası dövlət başçılarının İstanbul sammiti öz işinə başlayıb. Əvvəlcə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni binasının açılışı olub. Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentləri, o cümlədən Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər. 

“Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçirilən Zirvə Görüşündə liderlər gündəmin çox vacib məsələlərini müzakirə ediblər. İclasın gündəliyindəki məsələlərlə yanaşı, liderlər hazırkı regional və beynəlxalq siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi aparıblar. Təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub. Türkmənistan quruma tamhüquqlu üzv qəbul olunub. Bununla da birlikdəki müstəqil türk dövlətlərinin sayı 6-ya yüksəlib. Təşkilatın adı “Türk Dövlətləri Birliyi” olaraq dəyişdirilib. Üçüncü ölkə və qurumlarla əlaqələr, müşahidəçi üzvlük meyarları müəyyən edilib. Ən əsası isə türk dünyasının birliyinin gücləndirilməsi yolunda xidmətlərinə və Qarabağın işğaldan azad olunmasına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Türk Dünyasının Ali Ordenini Azərbaycanın dövlət başçısına cənab Ərdoğan təqdim edib. Türkiyə lideri Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən qürur duyduğunu bildirib. Sonda İstanbul Bəyannaməsi və bir sıra mühüm sənədlər imzalanıb. Eyni zamanda, Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib. 

Qeyd edək ki, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına sədrlik edib. Ekspertlərin fikrincə, Zirvə görüşü türk dünyasının gələcəyi baxımından çox mühüm rol oynayır. Məlumat üçün bildirək ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan müqaviləsi ilə qurulub. Müqaviləni Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə imzalayıb. Özbəkistan 30 aprel 2018-ci ildə quruma qatılma niyyətini açıqlayıb və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olub. Əməkdaşlıq Şurasının qurulması fikri isə ilk dəfə 2006-cı ildə Nursultan Nazarbayev tərəfindən təklif edilib. 2019-cu ildə Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri seçilib. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir. 

Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən zirvə görşündən sonra tamamilə yeni bir təşkilata çevriləcək. 

Deputatın sözlərinə görə, Şura məsləhət və məşvərətçi təşkilat olmaqdan çıxaraq tam təsisatlı, funksional beynəlxalq təşkilata dönəcək: 

“Qurumun yeni adı “Türk Dövlətləri Birliyi” olacaq. Deməli, təşkilat qərarlar qəbul edəcək. Üzv ölkələr qarşılıqlı şəkildə vəzifələr müəyyənləşdirəcək və qəbul edilmiş qərarların icra edilməsilə bağlı öhdəlik götürəcəklər. Belə olanda ümumi və ortaq mənafelərin qorunması üçün birlikdə hərəkət etmək imkanları yaranacaq. Bu da hazırkı tarixi mərhələdə milli təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Vaxtilə ATƏT də “ATƏM” kimi bənzər yol keçmiş, daha sonra institusional forma alaraq beynəlxalq təşkilatlardan birinə çevrilmişdi. Əslində təşkilatın hələ Türk Şurası kimi fəaliyyəti dövründə bu mərhələyə ciddi hazırlıq işləri aparılıb. Şuranın tərkibində, TürkPa, TürkSoy, Beynəlxalq Türk Akademiyası və s. qurumlar yaradılıb. Yeni mərhələdə bu qurumlar daha səmərəli struktural vahid olacaqlar”.

Parlament üzvü qeyd edib ki, təşkilatın əsası 2009-cu ildə Naxçıvanda qoyulmuş və zirvə görüşündə xüsusi bəyanat qəbul edilmişdi: 

“O zaman ən aktual məsələlərdən biri türk dünyasını fiziki baxımdan birləşdirmək və quru sərhədləri bərpa etməklə etno-coğrafi bütövlüyə nail olmaq idi. Hazırda demək olar ki, əldə etdiyimiz tarixi Zəfərlə bunu təmin etmişik. Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsi ilə proses başa çatacaq. Hazırkı Zirvə görüşü isə İstanbulda, “demokratiya və özgürlük adası”nda keçirilir ki, bunun da məxsusi mənası var. Dünyaya mesaj verilir ki, Mərkəzi Asiyadan Qafqazlara, oradan Avropaya qədər uzanan və mümhüm perspektivlər vəd edən sülhpərvər, əməkdaşlığa açıq bir mühüm platforma var. Bu platforma böyük coğrafiyaya demokratiya, sülh, azadlıq və rifah vəd edir. Eyni zamanda bütün bunları qoruyacaq vahid təhlükəsizlik məkanı yaradır. Nəzərə almaq lazımdır ki, Türkmənistanın da daxil olması ilə təqribən 160 milyonluq əhalini və 1.2 trilyon dollarlıq ümümdaxili məhsulu əhatə edən nəhəng bir istehsal və istehlak bazarından söhbət gedir. Macarıstan daxil olmaqla 15-ə qədər ölkənin müşahidəçi statusunda təşkilata qəbul edilmək istəklərini nəzərə alsaq, aydın olacaq ki, necə nəhəng bir tərəfdaşlıq və əməkdaşlıq platformadan söhbət gedir. Vaxtilə bunları xəyal etdiyimiz halda hazırda reallıqdır”.