"Prezident İlham Əliyev  “bu coğrafiyanı yenidən birləşdiririk” mesajını verir"  - TƏHLİL

Dövlət başçısı türk dünyasına səslənərək onların da prosesdə aktiv iştirakını istəyir

"Prezident İlham Əliyevin İstanbul zirvəsində çıxışı da bir neçə kontekstdə maraqlı idi".

Bunu "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, dövlət başçısı Ermənistana açıq xəbərdarlıq etdi: 

"Bəyan etdi ki, İrəvan Bakıya qarşı Qarabağ iddiasından əl çəkməsə, o cümlədən, Ankaraya qarşı ərazi iddialarına son qoymasa, daha pis duruma düşəcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə keçirilən Naxçıvan Zirvəsində ölkə rəhbəri Zəngəzurun türk coğrafiyasını parçalayan nöqtə olduğunu dilə gətirmişdi. 10 il sonra – 2019-cu il Türk Şurasının Bakı Zirvəsində bunu yenidən gündəmə gətirdi. Və bir il sonra baş verən II Qarabağ müharibəsinin nəticələrindən biri də dəhlizin açılması – türk coğrafiyasının parçalanmasının aradan qalxma imkanının yaranmasıdır. Müharibədən bir il sonra dövlət başçısı türk dünyasına “bu coğrafiyanı yenidən birləşdiririk” mesajını verir. Bununla onların da prosesdə aktiv iştirakını istəyir".

Ekspertə görə, 2009-cu ildə Zirvə görüşünün məhz Naxçıvanda – Türkiyə ilə Azərbaycanı ayıran, türk coğrafiyasını parçalayan Zəngəzurun sərhədində keçirilməsi gələcək strategiyanın tərkib hissəsi olub: 

"Türkiyənin Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpasında da iştirak etdiyini deməklə, üçüncü tərəflərə “Türkiyə Qarabağdadır” mesajını verir. Bu Zirvə görüşünü, Türk Şurasının Türk Dövlətləri Təşkilatını adlandırılmasını, Türkmənistanın təşkilata gətirilməsi türk coğrafiyasının bütövləşməsi və bu coğrafiyada gücə çevrilməsinin başlanğıcı da hesab oluna bilər".