Onu danışdırırlar! - Lukaşenkonun açıqlamaları blefdir, çox absurddur

SSRİ-nin bərpası üçün heç bir zərurət yaranmayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın "Rossiya" telekanalının aparıcısı, telejurnalist Vladimir Solovyova müsahibə verib. O bildirib ki, Rusiya Federasiyası və Belarusun İttifaq Dövlətinə sabiq sovet respublikalarının əksəriyyəti birləşə bilər:

"Belarus artıq bu İttifaqdadır. Düşünürəm ki, Qazaxıstana da yaxşı dərs olub. Əgər siz 15 illik müddətdən danışırsınızsa, əminəm ki, səhv etməsək, Ukrayna da orada olacaq. Ermənistanın isə çıxış yolu yoxdur. Axı Ermənistan, ermənilər kimin nəyinə lazımdır?! Onlar bunu gördülər. Azərbaycan bu sıradan kənardadır. Çünki biz də çox səhvlər etmişik. Ayrı söhbətdir. Təbii, Azərbaycanı Türkiyə çox ciddi şəkildə dəstəkləyir.

Türkmənistan, Özbəkistan və Tacikistan isə düşünürəm ki, ilk əvvəl iqtisadi zərurətlərə görə qatılacaqlar. Gələcək İttifaq dövlətində vahid valyuta olacaq. Bu, müstəqil dövlətlərin birliyindən xəbər verəcək. Yox, müstəqil yox, suveren. Müstəqillik nisbi anlayışdır. Axı bütün nefti və qazı Rusiyadan alıramsa, necə müstəqil ola bilərəm?!".

Politoloq Rusif Məmmədsoy "Şərq"ə açıqlamasında bildirib ki, Lukaşenkonun bu tip açıqlamaları məyusedicidir:

"Bildiyimiz kimi, təxminən bir neçə il öncəyə qədər Lukaşenko Vladimir Putinlə ən sərt şəkildə mübarizə aparan şəxslərdən biri olub. Amma son prezident seçkiləri hadisəsi zamanı Lukaşenkonun devrilmək planı həyata keçirilirdi. Bundan sonra Lukaşenko Rusiyanın vassallığını qəbul etdi, desək, yanılmarıq. Ona görə də Belarus prezidentinin açıqlamalarının pərdə arxasında birmənalı şəkildə Rusiya amili dayanır. 

Onu danışdıran qüvvələr var.  Təbii ki, SSR-nin yenidən bərpa edilməsi üçün heç bir tarixi zərurət yoxdur. Həmçinin yaranması real belə deyil. 

Çünki artıq hər bir müstəqil dövlətin xarici siyasi kursu var. Hüquqi cəhətdən istənilən addımı ata bilərlər. Vladimir Putin özü də çıxışlarında dəfələrlə deyib ki, SSRİ-nin dağılması fəlakət idi. Yəni bu, fəlakət idisə, deməli, onun üçün hər hansı bir addımlar atmaq da mümkündür. Addımlar atılırdı əslində. Xatırlayırsınızsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn iclası zamanı Belarus Prezidenti Qazaxıstan olaylarından sonra hədəfi Özbəkistana çevirib. Bildirib ki, Özbəkistan Qazaxıstan hadisələrindən nəticə çıxarmalıdır. Yəni ki, KTMT ora da gələ bilər. 

Lakin şükürlər olsun ki, Özbəkistan prezidenti Şövkət Mirzəyev çox maraqlı, yerində cavab verib. Deyib ki, əgər daxili münasibətlərimizdə gərginlik yaranarsa, bunun üçün KTMT-ni dəvət etməyə ehtiyac duymuruq. Bu, çox vacib bir açıqlama idi. Rusiyanın arqressiyasının daha da artması, Özbəkistana ultimatum, Qazaxıstandakı proseslər, Qırğızıstan, Tacikistan sərhədindəki gərginliklərin fonunda Azərbaycan mütləq şəkildə Türkiyə ilə rəsmi, hüquqi bazası olan bir sənəd imzalamalı idi. Bu da Şuşa Bəyannaməsinin ratifikasiyası oldu. 

Bu çox tarixi əhəmiyyətli bir sənəddir. Onun çox geniş təbliğatının tərəfdarıyam. Rusiyanı qıcıqlandırsa da, artıq reallıqlar dəyişib. Türkiyə nəinki regionda, həm də Cənubi Qafqazda, Qarabağdadır. Qarabağda deyiriksə, birmənalı şəkildə Azərbaycan ərazisindədir. Həmin bəyannamənin maddələrinin birində qeyd olunur ki, iki qardaş ölkədən birinə qarşı hər hansı hərbi müdaxilə, təcavüz, milli və təhlükəsizliyinə, suverenliyinə təhdid olarsa, iki dövlət birləşib, ona qarşı mübarizə aparır".

Politoloqun qənaətincə, SSRİ-nin bərpası olmayacaq:

 "Hətta Avrasiya İqtisadi İttifaqında da bizim artıq müşahidəçi statusunda olmağımız artıq qüvvədən düşüb. Gündəmimizdə deyil. Bunun da səbəblərindən biri təbii ki, Qazaxıstandakı baş verən proseslərdir. Bütün bunları nəzərə aldıqda Lukaşenkonun açıqlaması blefdir, çox absurddur. 

SSRİ-nin bərpası üçün heç bir zərurət yaranmayıb. Artıq müstəqil dövlətlər var. Heç kim də SSRİ kimi bir imperiyanın qurulmasına razı olmayacaq".