Deputatdan “TIR”olayına SƏRT TƏPKİ:“Vətəndaşı divara dirəmək çox təhlükəlidir”

“İnsanları gör nə həddə çatdırırlar ki, sürücülər TIR-ları saxlayıb deyir “mən müflis olmuşam”

“Adi məsələləri o qədər mürəkkəbləşdiriblər,rüşvətin mexanizmini o qədər sərtləşdiriblər ki... Bunun da sonu belə olmalı idi”


Bu gün Heydər Əliyev prospekti kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb. Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər. Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.

Yolun bağlanması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev təcili iclas keçirib. İclasda nazirliyin yanında fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər. Alınan məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə DANX-ın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Sözügedən hadisə ilə bağlı “Sherg.az”a danışan millət vəkili Fazil Musatafa bildirib ki, ölkədə belə qurumların sayı çoxdur:

“Yüzlərlə problemi olan insan var. Onlarında TIR-ları yoxdurki yolu bağlasınlar. Bunlar  deyirlər, amma səslərini eşidən yoxdur. Bürokratik mexanizm o qədər sərtləşib ki, insanlar problemlərini həll edə bilmir. Gör nə həddə çatdırırlar ki, sürücülər TIR-ları saxlayıb deyir “mən müflis olmuşam”. Bu təkcə bu qurumla bağlı deyil. Bütün qurumlar bu vəziyyətdədir. Ona görə bu məslədə, məncə, ciddi şəkildə çağırış olmalıdır”.

Millət vəkili hesab edir ki, vətəndaşları bu vəziyyətə gətirmək düzgün deyil:

“İnsanlar adi həyətinə, pay torpağına, yaxud hansısa bir mülkünə sənəd ala bilmir. İnsanların o qədər problemi var ki... Adi məsələləri o qədər mürəkkəbləşdiriblər,rüşvətin mexanizmini o qədər sərtləşdiriblər ki... Bunun da sonu belə olmalı idi. İnsanı bu həddə gətirmək olarmı? 

Bəs, bu vətəndaş nə etsin? Bir tikə çörək qazanmaq üçün bütün günü ayaq üstə, yollarda, maşının içində, fəlakətli vəziyyətdə yorğun insanları hələ 3-4 gün gözlədirlər, malını xarab edirlər. Heç kimin də vecinə deyil. Bəlkə də, araşdırsanız, görərsiniz ki, həmin mal monopoliyadadır, ona görə onlara icazə verilmirdi. Belə şey olarmı? Avropa, Türkiyə, İrana baxın, oralarda belə şey yoxdur. 

Hesab edirəm ki, vətəndaşı bu qədər divara dirəyib belə acınacaqlı vəziyyətə gətirmək çox təhlükəlidir. Biz bu gün də onun nəticəsini gördük”.

Çimnaz Şahlar