Deputatlarımız İrəvanda hansı mesajları veriblər? – “Ermənistan mövcudluğunu qorumaq istəyirsə…”

Bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxış edib.

T.Mirkişili bildirib ki, region ölkələri arasında yaxşı əlaqələr qurulmalıdır. Bunun üçün də Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.

Qeyd edək ki,  Azərbaycan Milli Məclisinin iki deputatı Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST PA çərçivəsində iclasda iştirak etmək üçün İrəvanda səfərdədirlər. Erməni sakinlər Azərbaycan rəsmilərinin ziyarətinə etiraz ediblər. İrəvan polisi etirazlara müdaxilə edib.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistana verdiyimiz fürsəti izah edib:

“BMT-nin və ATƏT-in təməl sənədlərinə uyğun olaraq hər bir ölkə digər dövlətlərin ərazi bütövlüyünü tanımalıdır. Əksi olsa, bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Deputatımız Azərbaycanın hər zaman hüquqi qaydalara əsaslandığını ifadə edib. Azərbaycanın mövqeyi birmənalıdır. Biz sülh istəyirik. Əməkdaşlıq və tərəfdaşlıq istəyirik. Bu, Ermənistan üçün bir şansdır. Nəticədə rəsmi İrəvan sülh istiqamətində zəruri addımları ataraq öz mövcudluğunu qoruya bilər”.

Millət vəkili deputatlarımızın İrəvanda qarşılaşdığı etirazlardan bəhs edib:

“Qarabağ klanı”nın hərbi cinayətkarların təmsilçiləri etiraz etmək istəyirdilər. Amma onlar 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra  seçkilərdə ermənilərin dəstəyinə malik deyillər. Hərbi cinayətkarlar, Koçaryan və Sarkisyan Qarabağ mafiyasının nümayəndələridir. Onlar artıq beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalıdır”.

 Cəmilə ƏZİM