“Rusiya ilə imzalanacaq sənəd “Şuşa” bəyannaməsini əvəz edə bilməz” - AKTUAL ŞƏRH

“Rusiya ilə hansı bəyanatı imzalamağımızdan asılı olmayaraq heç vaxt onunla münasibətlərimiz Türkiyə ilə  olduğu kimi olmayacaq”

“Rəsmi Bakının bölgənin gələcəkdə inşa olunmasındakı müttəfiqləri məhz Türkiyə və Pakistandır”

“Azərbaycan indiki halda mövcud geopolitik vəziyyətdə xarici risklərdən mümkün qədər sığortalanmaq üçün belə bir addım atır”


Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb.
"Sherg.az"ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiyaya rəsmi səfərə gedib.Kremldən verilən məlumata görə,səfər çərçivəsində tərəflər arasında qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar.

Siyasi şərhçi Turab Rzayev liderlər tərəfindən imzalanacaq müttəfiqlik bəyannaməsindən “sherg.az”a danışarkən bildirib ki, Azərbaycan indiki halda mövcud geopolitik vəziyyətdə xarici risklərdən mümkün qədər sığortalanmaq üçün belə bir addım atır:

 “ İndi gözümüzün önündə  dünyanın  Ukraynanın taleyinə hələki biganə qalması durur. Belə bir vaxtda ölkə rəhbərliyi də bizə qarşı ola biləcək təhlükəni bu şəkildə azalda biləcəyini düşünmüş ola bilər”.

 Analitikin fikrincə, istənilən halda Rusiya ilə imzalanan hansısa bir bəyanatın Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa” bəyannaməsini əvəz edə bilməz:

 “Rusiya ilə hansı bəyanatı imzalamağımızdan asılı olmayaraq heç vaxt onunla münasibətlərimiz Türkiyə ilə  olduğu kimi olmayacaq. Rəsmi Bakının bölgənin gələcəkdə inşa olunmasındakı müttəfiqləri məhz Türkiyə və Pakistandır. Rusiya əgər bu bölgədə rol oynamaq istəyəcəksə, o zaman bu ittifaqın dördüncü ayağını əmələ gətirərək, üçlüklə birlikdə masada oturacaq”.

 T.Rzayevin qənaətincə,Azərbaycanın Rusiya ilə ayrıca ittifaq şəklində hansısa bir strateji gələcəyi ola bilməz:

 “Bu baxımdan da tərəflər arasında imzalanacaq bəyannaməni müqavilə ilə eyniləşdirmək olmaz. Bu ümumi fikirləri ifadə edən bir sənəddir”.