Ukraynanı meydanda tək qoydular


"İndi Ukrayna ərazi bötüvlüyünün bərpa edilməsi istiqamətində hanısa addımlar atarsa, bu tam leqal sayılacaq"

ATƏT-in sədri, Polşanın Xarici işlər naziri Zbiqnev Rau, təşkilatın baş katibi Helqa Şmid və Parlament Assambleyasının baş katibi Roberto Montella Rusiyanı qondarma "DXR" və "LXR"i tanıması qərarını ləğv etməyə çağırır.
Trend-in məlumatına görə, bu barədə qurumun bəyanatında deyilir.
Bəyanatda Rusiyanın bu addımı qəti şəkildə pislənilir.

"Bu addım beynəlxalq hüququn, ATƏT-in fundamental prinsiplərinin pozulması deməkdir və Minsk razılaşmalarına ziddir. Təşkilatın bütün üzv ölkələri kimi Rusiya da digər ölkələrin suverenliyi və ərazi bütövlüyünü tanımaq öhdəliyini götürüb. Tanıma qərarı gərginliyi daha da artıracaq və bu, regionda yaşayan əhalini öz ölkələrindən, Ukraynanın qalan hissəsindən ayıracaq", - bəyanatda deyilir.

Bəs, Rusiyanın ATƏT-in çağırışına reaksiyası necə olacaq?

“Şərq”ə açıqlama verən politoloq Rusif Məmmədsoy qeyd edib ki, bunlar ənənəvi bəyanatlardır.

“O qədər də əhəmiyyətli deyil. Çox güman ki, mənasız bir açıqlama kimi qəbul ediləcək. Putin Böyük Britaniya və ABŞ kimi ölkələrin təzyiqlərinə baxmayaraq bu addımı atdı və bununla bir daha sübut etdilər ki, heç bir sanksiya bizi qorxutmur. 
2014-2018-ci illərdə tətbiq olunan sanksiyalardan sonra Rusiya zəifləsə də heç nə olmadı. Yəni bu sanksiyalar məntiqli deyil. Daha qəti addımlar atmaq lazımdır. 

Dünən ABŞ Prezidenti Co Bayden də sanksiyalarla bağlı çox gülməli bir açıqlama verdi. Donbassla əlaqələri kəsəcəyini dedi. Bu, Putini qorxuda bilməz. Çünki Donbass kiçik bir ərazidir və bununla Rusiyaya təzyiq göstərmək mümkün deyil. 
Nəticədə biz yenə Qərbin ikiüzlü siyasətini gördük. Ukraynanı meydanda tək qoydu. 

Politoloqun sözlərinə görə, Rusiya bu qərarla həm də özünü tora salıb.

 “Qondarma respublikaları tanımaqla Minsk sözləşməsində Ukraynanın öhdəliklərini  geri götürdü. İndi Ukrayna ərazi bötüvlüyünün bərpa edilməsi istiqamətində hanısa addımlar atarsa, bu tam leqal sayılacaq. 

İndi Ukrayna hansı addımları atacaq, Rusiyaya qarşı kim onun yanında duracaq, məsələ budur.  Xarici işlər naziri Dmitri Kuleba açıqlamasında ittifaqı elan etdiklərini bildirdi. Bu ittifaq Böyük Britaniya, Polşa və Ukraynadan ibarətdir. Bu məsələdə Böyük Britaniya daha aktivdir və Rusiyaya yönəlik açıqlamaları var. 

Ancaq Rusiyanın önündə real güc olmalıdır. Qərb bloku deyir ki, biz Ukraynanı dəstəkləyirik, ancaq əsgərimiz orada döyüşməyəcək. Bəs, o zaman sən nəyə yarayırsan? Yenə də Rusiya ilə Ukraynanı baş-başa qoyur və nəticəni gözləyir. 
Əslində Qərbin məqsədi Moskvanı bu addımlara sürükləmək, hərbi münaqişəyə cəlb etməkdir. Çünki bu, onun zəifləməsinə və resurs itirməsinə səbəb olacaq. Rusiya da bu tilova düşdü”. 

Sənan İsmayıl