Risklər böyükdür

Ukraynada uzunmüddətli, yorucu müharibə başlayır

Ukrayna ABŞ-Rusiya qarşıdurmasının poliqonuna çevrilir


   Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “respublikaları”nın “müstəqilliyi”ni tanımaq barədə fərman imzalayıb. Putin silahlı qüvvələrə “dxr” və “lxr”də sülhün qorunmasını təmin etməyi tapşırıb. Rusiya dövlət başçısı deyib ki, Donetsk və Luqanskın “suverenliyinin” tanınması məsələləri dünyada, xüsusən də Avropada təhlükəsizliyin təmin edilməsinin qlobal problemləri ilə sıx bağlıdır. Putin qeyd edib ki, Ukraynanın Rusiya ilə qarşıdurmada alət kimi istifadə edilməsi ölkəsi üçün çox böyük təhlükədir. Putinin “LNR”, “DNR”-in “müstəqilliyini” tanımasından dərhal sonra Rusiya Duması sənədi ratifikasiya edib. Ermənilər bu qərarı sevinclə qarşılayıblar. Ermənistan parlamentini "Avronest"də təmsil edən “Hayastan” blokunun nümayəndəsi Artur Xaçatryan İrəvanı da qondarma rejimlərin “müstəqilliyini” tanımağa çağırıb. 

Zelenski də xalqa müraciət etdi

Putinin qərarından sonra Prezident Vladimir Zelenski xalqa müraciət edib. O deyib ki, Rusiyanın hərəkətlərinə baxmayaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq: “Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”. Zelenski qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib: “Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir”. Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq: “Ukrayna heç kimə heç nə verməyəcək”. Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadakı müvəqqəti işlər vəkili Vasili Pokotilonu məsləhətləşmə üçün geri çağırıb. Zelenski ona XİN-dən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə dair sorğunun göndərildiyini bildirib. Dövlət başçısı sorğunu nəzərdən keçirəcəyini söyləyib. 

“Rusiyanın qərarı qəbuledilməzdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Kreml rəhbərinin addımını doğru saymayıb: “Rusiyanın bu qərarını qəbuledilməz sayırıq. Tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə çağırırıq. Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Qara dəniz ölkəsi olduğumuza görə bir çox tədbirlər paketi hazırlanmalıdır. Qara dəniz ölkəsi olmanın bizə verdiyi məsuliyyəti bir kənara qoya bilmərik. Bu anlayışla yolumuza davam edəcəyik”. 

Fransadan Donbass açıqlaması: Vəziyyət çox ağırdır

Fransa Xarici işlər naziri Jan-İv Lö Drian deyib ki, Rusiya “dxr” və “lxr”i tanımaqla Minsk razılaşmaları ilə bağlı beynəlxalq öhdəliklərindən imtina etdi: “Söhbət beynəlxalq hüququn pozulmasından, Ukraynanın suverenliyinə və bütövlüyünə qəsd cəhdindən gedir; söhbət Rusiyanın beynəlxalq öhdəliklərindən və Minsk razılaşmaları üzrə öhdəliklərdən imtina etməsindən gedir. Vəziyyət çox ağırdır”.

“Aİ Ukraynada separatçı ərazilərin tanınmasına qətiyyətlə reaksiya verəcək”

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Aİ Ukraynada separatçı ərazilərin tanınmasına qətiyyətlə reaksiya verəcək: “Ukraynada iki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Aİ və onun tərəfdaşları buna birlik, möhkəmlik və həmrəyliklə cavab verəcək. Prosesləri çox yaxından izləyirik. Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”. Şarl Mişel həmçinin Minsk razılaşmalarını dəstəklədiyini söyləyib.

“...tamamilə faciə olacağına heç kimin şübhəsi olmamalıdır”

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxilə etməyi və Kiyevi ələ keçirməyi planlaşdırdığı iddiası ilə çıxış edib: “Qorxuram, Prezident Putin əslində Ukraynaya genişmiqyaslı müdaxilə etməyə, sərhəddi keçməyə, müstəqil və suveren Avropa ölkəsini ələ keçirməyə köklənib. Düşünürəm ki, bunun tamamilə bir faciə olacağına heç kimin şübhəsi olmamalıdır. Əgər Vladimir Putin zorakılıq, işğalçılıq, genişmiqyaslı hücum yolu seçərsə, Kiyevin mühasirəyə alınmaması, Ukrayna paytaxtının ələ keçirilməməsi, onun bu səylərinin uğurlu başa çatmaması və uğursuzluğa düçar olması bizim üçün xüsusi önəm daşıyır”. Conson Rusiyaya qarşı sanksiyalar paketinin tətbiq ediləcəyini söyləyib.

“Qərbin rəsmi cavabı sanksiyaların tətbiqi ilə məhdudlaşır”

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Ukrayna ABŞ-Rusiya qarşıdurmasının poliqonuna çevrilir. Onun sözlərinə görə, Rusiya Prezidenti V.Putinin separatçıları tanımasından sonra bu risk daha da aktuallaşdı: 

“Qərbin rəsmi cavabı sanksiyaların tətbiqi ilə məhdudlaşır. ABŞ Prezidenti Co Bayden hələki təkcə separatçı bölgələrlə ticarəti qadağan edən qərar qəbul edib. Geniş sanksiya paketinin açıqlanacağı gözlənilir. BMT Təhlükəsizlik Şurasının iclası Rusiyanın veto hüququna görə heç bir nəticə vermədi. İlk praktiki cavab Almaniyadan gəldi. Kansler Şolz bildirib ki, “Şimal axını-2” layihəsinə lisenziya verilməsi artıq imkansızdır. Almanların qərarından iki nəticə çıxır. Birincisi, ABŞ Avropanı anti-Rusiya cəbhəsində birləşdirdi və Putinin tanıma qərarı bu məsələdə Vaşinqtonun əlinə oynadı. İkincisi, Rusiya qazını Avropaya daşımaq üçün Ukrayna tranzitindən böyük ölçüdə asılılığı davam edəcək.

 Şolzun qərarı Rusiyanı Ukraynadan asılı vəziyyətə salmaq, Putinə təzyiq məqsədi daşıyır. ABŞ isə bununla iki hədəfə nail olur: Qərb blokunu öz çətiri altında formalaşdırır; Avropa qaz bazarında payını artırır və rusları sıradan çıxarmaq imkanı qazanır. Hərçənd, Avropanın qaz tədarükündə rus qazından imtina etmək perspektivi hələki azdır. Bununla yanaşı, Rusiya Avropa qaz bazarını itirmək niyyətində deyil. Moskva buna qarşı mümkün gedişlər edəcək. Cari dövrdə qaz tədarükünü azaltmaqla Avropanı sıxa bilər: bununla “Şimal axını-2” layihəsinin açılmasına nail olmağa çalışacaq. Uzunmüddətli perspektivdə Ukrayna tranzitinin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə nəzarəti bərpa etmək istiqamətində hərəkət edəcək. Məhz bu amil Ukraynanın poliqon olmaq riskini daha da artırır. ABŞ rəsmi Kiyevi, Rusiya separatçıları dəstəkləyir və baş verənlər göstərir ki, Ukraynada uzunmüddətli, yorucu müharibə başlayır. Ukrayna hər iki tərəf üçün həm də bufer zona rolunu oynayacaq. ABŞ Rusiya ilə burada döyüşərək, Şərqi Avropa cəbhəsini gücləndirəcək. 

Rusiya NATO-nun genişlənməsinin qarşısını Ukraynada alacaq; Zelenskinin Münhendəki çıxışı bu kontekstdə təsadüfi deyildi”.