Gürcüstan Prezidenti Qara dənizdə qarşıdurmanın qarşısını almağa çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili Qara dənizdə qarşıdurmanın qarşısını almağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan lideri xarici media nümayəndələri ilə görüşündə deyib.

"Qara dəniz Gürcüstanın potensialını artıra biləcəyi yerlərdən biridir. Qafqaz regionu və Ukrayna bu dəniz vasitəsilə Avropa İttifaqı ilə əlaqə saxlamalıdır. Bütün layihələr, o cümlədən tranzit, energetika, kommunikasiyalar sülhsevər və münaqişədən uzaq olan siyasətdən asılıdır. Bunu Rusiya da gözəl anlayır. Qara dənizdə qarşıdurmanın qarşısını almaq üçün hər şeyi etməliyik", - Zurabişvili vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.