Prezidentin yaratdığı düstur: "Mənim gücüm sənin gücünlə bağlıdır" – Yeni fəlsəfə 

Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda formalaşmış yeni konfiqurasiyanın əsas oyunçuları - Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bunu rəsmən təsbit edir. “Sherg.az”ın əldə etdiyi məlumata görə Türkiyə ilə “Şuşa Bəyannaməsi”, Rusiya ilə “Moskva Bəyannaməsi”nin imzalanmasından sonra, Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqun keçirilməzi gözlənilir. 

Qeyd edək ki, bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Artıq ölkəmiz regionda müəyyən bir gücə malikdir. Onun yüksəlişi təkcə Qafqazla kifayətlənmir. Avropa bir sıra məsələlərdə Azərbaycanla məsləhətləşir, danışıqlar aparır, dəstəyini göstərir. Bütün bunlar Azərbaycanın uğurudur.

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, rəsmi Bakı regionda fərqlilik yaradıb:

“Bütün bu müqavilələr Prezident İlham Əliyevin xarici siyasətinin zirvəsidir. Bu kimi sənədlər başqa ölkələrlə də imzalanacaq. Azərbaycan bununla regionda kollektiv təhlükəsizlik mühitinin ideyasını gətirdi. SSRİ dağılandan sonra bu cür prinsip vardı ki,-"Güclüyəmsə, yanımdakı zəif olmalıdır!" Belə diskriminativ münasibətlərin nəticəsini gördük. Torpaqlarımızın işğalına, ölkələrarası münaqişələrə, qeyri-obyektivliyə və s. səbəb oldu. Prezidentin yaratdığı reallıq faktiki regionda bunlara son qoydu, yeni fəlsəfə yaratdı. Düsturu isə, belədir ki,-"Mənim gücüm birbaşa sənin gücünlə bağlıdır!" Həmçinin cənab Rəcəb Tayyib Ərdoğan da bunu belə vurğulayıb”.

Millət vəkili “Moskva Bəyannaməsini”ni izah edib:

"Moskva sazişi” suverenliyimizi, sərhədlərin toxunulmazlığını, ərazimizin qanuni şəkildə tanınmasını, xarici siyasətin müstəqil aparılmasını, daxili idarəçilikdə kənar müdaxilənin olmamasını bildirir. 10 noyabr, 11 yanvar, 26 noyabr bəyannamələrinin həyata keçirilməsini tam şəkildə təmin edir. Təbii ki, Rusiyanın regiondakı məqsədlərini heç kim inkar edə biıməz. Lakin bunlar Azərbaycanın maraqları çərçivəsində baş verir. Bu, yeni cərəyandır”.

S.Seyidov qeyd edib ki, Avropa İttifaqı  əlaqələrin güclənməsi üçün özü Azərbaycana tərəf addımlar atır:

“Aİ ilə münasibətlərimiz yüksək səviyyədədir. 4 fevralda bir yox, iki komissiya göndərməsi buna dəlalətdir. Yəni Azərbaycan güclüdür ki, ona müraciət edirlər. Mən alqışlayıram ki, bu gün beynəlxalq arenada bir çox amil xeyirimizə dəyişib".

Cəmilə ƏZİM