Rusiya Azərbaycanın parçalanması tarixini təhrif etdi

Boran Əzizli: "Rusiya XİN dəfələrlə Xankəndini “Stepanakert” kimi yazır, Azərbaycan xalqına mənsub olan qədim toponimlərimizi özbaşına dəyişdirir"

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-in sosial şəbəkə hesabında 1828-ci ilin fevralında imzalanmış Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşımına etiraz bildirib. Nazirliyin mətbuat xidməti vurğulayıb ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur. Azərbaycan XİN qeyd edib ki, sözügedən müqavilədə “Şərqi Ermənistan” sözünə istinad edilmir:

“Əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi feysbuk səhifəsində Türkmənçay müqaviləsinin tarixi ilə bağlı informasiyada İrəvan və Naxçıvan xanlıqları “Şərqi Ermənistan” ərazisi kimi təqdim olunub. Məlumat üçün deyək ki, ikinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında “Türkmənçay” kəndində müqavilə bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçib. 

Tarixçi Boran Əzizli “Şərq”ə açıqlamasında bildirib ki, 16 maddədən ibarət Türkmənçay müqaviləsinin heç bir yerində “Ermənistan” adı keçmir. Alimin sözlərinə görə, müqavilədə Qacar səltənəti ilə çarlıq Rusiyası arasındakı sərhəd məntəqələri, rus imperiyasının nəzarəti altına keçən Azərbaycan əraziləri dəqiq şəkildə göstərilib:

“Müqavilə mətninə “Şərqi Ermənistan” sözünün əlavə edilməsi tarixi kobud şəkildə təhrif etməkdir. Rusiyanın diplomatik sənədlərində Türkmənçay müqaviləsi bütün bəndləri ilə çap olunub. Sözsüz ki, ruslar özləri də bundan xəbərdardır. Çar Rusiyası 1828-ci il mart ayının 21-də qədim Azərbaycan torpaqlarında - İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “İrəvan vilayəti” yaratmışdı. Bu da Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyasının gələcəkdə ermənilərə Azərbaycan əraziləri hesabına “dövlət” yaratmaq istəyindən xəbər verirdi. Böyük ehtimal, Rusiya XİN-in təhrifləri bilərəkdən və qəsdən ortaya atılır, müəyyən mesajlar verilir. Bu yanaşmanı sərt şəkildə qınayırıq. Rusiya rəsmi qurumlarının təxribatçı addımı Moskva ilə Bakı arasında imzalanmış müqaviləyə də kölgə salmaq cəhdindən başqa bir şey deyil”. 

B.Əzizli vurğulayıb ki, Rusiyanın Xarici İşlər Nazirliyinin belə hərəkətləri pis vərdişə çevrilib: 

“Bu qurumda erməni təsiri özünü açıq-aşkar büruzə verir. Rusiya XİN dəfələrlə Xankəndini “Stepanakert” kimi yazır, Azərbaycan xalqına mənsub olan qədim toponimlərimizi özbaşına dəyişdirir. Əlbəttə, bunlar yanlış hərəkətlərdir. Əfsuslar olsun ki, Rusiyanın bəzi dövlət xadimləri, rəsmilər, deputatlar belə hələ də imperiya təfəkküründən uzaqlaşa bilmirlər”.