Akif Aşırlı "Yusuf Akçura" mükafatına layiq görülüb 

Mükafat sahibinə Ankarada tarixi "Türk Ocağı" binasında təqdim ediləcək

Türk Ocaqları Mərkəzi İdarə Heyəti Azərbaycan "Türk Ocağı" başqanı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlını 2021-ci ildə uğurlu fəaliyyətinə görə "Yusuf Akçura" mükafatına layiq görüb. Bu barədə "Türk Ocaqları" genəl başqanı, professor Mehmet Öz Akif Aşırlıya göndərdiyi məktubda məlumat verib. Məsələ ilə bağlı Mərkəzi İdarə Heyətinin qərarını elan etməkdən şərəf duyduğunu bildirən Mehmet Öz mükafatın Ankarada tarixi "Türk Ocağı" binasında martın 26-da təqdim ediləcəyini bildirib. Həmin gün qurulmasında Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Nəsib bəy Yusifbəylinin, M.Ə.Rəsulzadənin iştirak etdiyi "Türk Ocaqları"nın 110-cu ildönümünə həsr olunan geniş tədbir keçiriləcək. 

Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, ziyalıların və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatılacağı tədbirdə A.Aşırlının barəsində qısa təqdimat da keçiriləcək.

Qeyd edək ki, "Türk Ocaqları" bir əsrdən çoxdur ki, Türkiyənin dövlət, elm, mədəniyyət sahəsində tanınmış şəxslərin formalaşdığı ideya mərkəzi funksiyalarını yerinə yetirib.

Türkiyədə və bəzi Avropa ölkələrində 90-dan çox şöbəsi olan "Türk ocağı" 1918-1920-ci illərdə Azərbaycanda da fəaliyyət göstərib, Cümhuriyyətin qurulmasında böyük əmək sərf edib. A.Aşırlı və bir qrup ziyalılar tərəfindən Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində təşkilat yenidən bərpa olunub. 

Türk Dünyasının birliyi uğrunda Müasir Türkiyənin qurulmasında böyük xidmətlər göstərən Y.Akçura əslən Krım türklərindəndir. Türkiyəyə mühacirət edib, Atatürkün ən yaxın silahdaşlarından biri olub.