Şuşada həlak olan əsgərə şəhid statusu verilib - YENİLƏNİB + FOTO/VİDEO


Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

“Report”un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb.

10:38

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımov vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da, sonradan ailəsinin qərarı dəyişib.

Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida və dəfn mərasimi də paytaxtda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmağa 3 ayı qalmışdı. O evin tək oğlu olub, bir bacısı var.

09:52

Azərbaycan ordusunun əsgəri avtomobil qəzasında həlak olub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.