Kür quruyur! –“Su və ərzaq qıtlığı yaranacaq”

“Çaylarda qurumanın getməsi ərzaq sistemində də problemlər yaradacaq. Zamanla ərzaq qıtlığı baş verə bilər”

Azərbaycanın ən böyük çayı olan Kür çayında suyun səviyyəsinin kəskin azalıb.
Qlobal istiləşmə özünü göstərməyə davam edir. Su təchizatında ölkənin əsas su mənbəyində səviyyənin azalması zamanla içməli su problemi yaradır. Qurulaşma prosesi kənd təsərrüfatına da öz mənfi təsirini göstərir. 

Çayların qurumasının fəsadlarını "sherg.az"a açıqlayan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, ekoloq Elçin Bayramlı bildirib ki, ölkədə su qıtlığının yaranması bahalaşmaya səbəb olacaq:

“Biz çayların quruması ilə bağlı problemi dəfələrlə bildirmişik. Bu məsələyə xüsusi diqqət ayrılmalıdı. Çünki dünyada böyük qıtlıq gözlənilir. Xüsusilə, Azərbaycan su ehtiyatları az olan ölkələr siyasındadır. Ölkəmizin su tədarükünün 70 faizi xaricdən gəlir. Gürcüstanın, Türkiyənin, Rusiyanın qollarından gələn sular Kürdə toplanır. Qıtlıq başlayan kimi bu ölkələr də hövzələrin qarşısını kəsərək ehtiyatlarını qorumağa çalışacaqlar. Belə olan təqdirdə Azərbaycan 30 faizin ümidinə qalacaq. Bu da böyük faciəyə səbəb olar. Çaylarda qurumanın getməsi ərzaq sistemində də problemlər yaradacaq. Zamanla ərzaq qıtlığı baş verə bilər”.

Ekspert çayların qurumasına səbəb olan amilləri açıqlayıb:

“Çayların qurumasına təsir edən əsas amillərdən biri qlobal istiləşmədir. Lakin burada başqa çoxsaylı ekoloji problemlər də var. Elə meşələrin məhv edilməsi dolayı yolla da olsa, çayların qurumasına təsir göstərir. Bundan başqa pambıqçılıq kimi sahələrin artımı Kürün suyuna təzyiq edir. Çayın Türkiyədəki mənbəyində Su Elektrik Stansiyası tikilib. Bunun da müəyyən qədər təsiri var. Tikinti məqsədi ilə çay daşlarının daşınması mənsəbdə çökmələrə səbəb olur. Nəticədə çayda su azalır”.

E.Bayramlı problemin həllini də göstərdi:

“Problemi həll etmək üçün Prezidentin bu barədə verdiyi sərəncamlar təcili sürətdə həyata keçirilməlidir. Bununla bağlı AMEA-nın Coğrafiya İnstitutunun araşdırmalara başlaması mühümdür. Kür çayının suyuna qənaət etmək üçün artezianların sayı artırılmalıdır. Yağıntıların çoxalması ilə müəyyən qədər su əmələ gələcək. Lakin yay aylarında yenidən quraqlıq olacaq”.

Xanlar ƏLİBƏY