Ukraynanın “Vinnitsa” hava limanı atəşə tutulub - Ölən və yaralılar var

Ukraynanın "Vinnitsa" hava limanının Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində bir neçə mülki şəxs və hərbçi həlak olub.

24News.ge Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Vinnitsa vilayət hərbi administrasiyasının sədri Sergey Borzov məlumat verib.

O bildirib ki, hava limanına hücum zamanı qüllə və komanda məntəqəsi tamamilə dağılıb:

"Hava limanının həm mülki, həm də hərbi hissələrinə ziyan dəyib. Qüllə və komanda məntəqəsi tamamilə dağılıb. Təəssüf ki, dinc sakinlər və hərbçilər arasında itkilər var. Onların sayını sonra dəqiqləşdirəcəyik, çünki böyük dağıntılar var. Fövqəladə Hallar Dövlət Xidməti dağıntıları təmizləyir", - deyə o bildirib.

Borzovun sözlərinə görə, hazırda yanğın lokallaşdırılıb və söndürülüb. Rusiya hərbçilərin hava limanını dəqiq haradan - Qara dənizdən və ya Dnestryanı ərazidən vurduğu hələ məlum deyil.