Azərbaycan və ABŞ güclü tərəfdaşa çevrilir - Blinken

Azərbaycan və ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində güclü tərəfdaşa çevrilirlər.

Trend ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanın Müstəqillik Günü ilə bağlı açıqlamasında deyib.

"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Azərbaycanın Sovet İttifaqından müstəqillik qazanmasından keçən üç onillikdə biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarətin və investisiyaların təşviqində güclü tərəfdaşlara çevrilmişik. Biz Azərbaycanın terrorizmə və qeyri-qanuni ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndiririk”, - deyə ABŞ dövlət katibi qeyd edib.

E.Blinken əlavə edib ki, ABŞ iki ölkə arasında əlaqələri təkcə güclü iqtisadi əlaqələr vasitəsilə deyil, həm də insanlar arasında əlaqələr vasitəsilə genişləndirməkdə davam etməkdən qürur duyur:
"Minlərlə Azərbaycan və Amerika vətəndaşı birlikdə çalışıb və təhsil alıb və yenilik etmək, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə edib.
Biz regiona uzunmüddətli hərtərəfli sülhün tapılmasına kömək etmək üçün ikitərəfli və həmfikir tərəfdaşlarla cəlb etməklə kömək etməyə hazırıq".