Deputatdan sərt açıqlama:"Nazirlik qazilərimizin haqlarını  yeməməlidir"

Qarabağ qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında  etiraz aksiyası keçirib. Aksiyaçılar nazirliyin binasına daxil olaraq əlillik dərəcəsi ala bilmədiklərini bildiriblər. Əksər hallarda rədd cavabı almaları və komissiyaya gec çağırılmalarından şikayətləniblər.

Nazir Sahil Babayevin eyni anda çox böyük yükün altına girdiyini, lakin çıxa bilmədiyini deyən millət vəkili Razı Nurullayev "Sherg.az"a bildirib ki,proseslə yaxından tanışdır: 

"Deyə bilərəm ki, onlar problemlərin sayını azaltmağa çalışır, ancaq bacara bilmirlər.  Ən böyük nöqsanlardan biri çox sayda insanın müavinət və əlilliklərinin eyni anda dayandırılması oldu. Lakin bu məsələlərlə bağlı S.Babayevi günahlandırmaq haqsızlıq olardı, çünki o, ona verilən tapşırıqları yerinə yetirir. Bunu da nəzərə almalıyıq ki, gündəlik müayinə üçün gələn adamların sayı 500 nəfəri keçir. Ona görə də insanlara  doğru- dürüst yanaşılmır. 

Bu hadisələrin mərhələli şəkildə aparılmasını və gələn insanlara fərdi şəkildə yanaşılmasını tövsiyə edirəm. Nazirlik bununla bağlı intensiv qərarlar qəbul etməli , qazilərimizin haqlarını  yeməməlidir".

Nihat Müzəffər