Rus qoşunlarını Qarabağdan çıxarmağın iki yolu var

"Rusiyaya bölgədə “mövcud olacağı yer” verilə bilər. Mümkün seçim sərhəddir"

  "Sərhəddə gərginliyin aradan qaldırılması üçün Bakının əsas təkliflərindən birinin “Azərbaycan sərhədlərinin yaxınlığında təhlükəsiz zonanın yaradılması” olduğu deyilir". Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, burada strateji hədəflər var. Onun sözlərinə görə, Qarabağı de-fakto da daxili məsələmizə çevirmək üçün gərginlik Azərbaycanın daxilindən sərhədə köçürülür: 

"Rusiyanı Qarabağdan çıxarmağın yollarından biri sərhəddə rusların iştirak edəcəyi “bufer zonanın” yaradılması ola bilər. Çünki rus qoşunlarını Qarabağdan çıxarmağın iki mümkün yolu var. Birincisi, Rusiyanın tamamilə zəifləməsini gözləməkdir. Ukrayna müharibəsi belə gözləntiləri yaratsa da, soyuq analiz bu perspektivin çətinliyini də ortaya qoyur. İkincisi isə 30 il ərzində Qarabağ "münaqişəsindən" Bakı və İrəvana təsir rıçağı, həm də bölgədəki mövqelərini saxlamaq üçün istifadə edən Rusiyaya bölgədə “mövcud olacağı yer” verilə bilər. 

Mümkün seçim sərhəddir. Çünki Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir rıçağı olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektiv üçün istifadə edə bilər. Moskva onu da anlayır ki, Bakı Qarabağa “status” verməyəcək, altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir. 

Rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması isə sual altındadır. Ruslar öz qoşunlarını sərhədə çıxarmaqla həm bölgədə uzunmüddətli təsir rıçağı əldə edir, həm Bakı-İrəvan xəttində davamlı oyunçuya çevrilir. Eyni zamanda Ermənistanın “mərkəzdənqaçma meyilləri”ni neytrallaşdırır. Həmçinin, ABŞ, Aİ və İranın girməyə çalışdığı Zəngəzur bölgəsində mövcudluğunu gücləndirir. Bakı bununla iki hədəfə nail olmağı hesablayır".

  A.Nərimanlıya görə, sərhədin delimitasiyasının SSRİ xəritələri ilə müəyyən edilməsində Moskva dəstəyini artırır:

 "Paşinyanın Nüvədi kəndinin adını çəkməsi təsadüfi deyildi. Mümkündür ki, bu istiqamətdə strateji nöqtələrə nəzarət məsələsi aktuallaşıb. Bu həm də kommunikasiyanın 10 noyabr razılaşmasına uyğun həlli baxımından bölgədəki əsas oyunçuların - Türkiyə və Rusiyanın da marağındadır. Burada əsas məqamlardan biri də “təhlükəsiz zona”nın hansı ərazilərdə yaradıla biləcəyidir. 

Bakı hazırkı sərhədləri boyunca ərazi vermir. İstisna deyil ki, söhbət SSRİ dövründə Ermənistana müxtəlif adlar altında “bağışlanan” ərazilərin delimitasiya ilə qaytarılmasından sonra Ermənistan-Azərbaycan sərhədləri boyunca zolaqdan gedir. Mümkündür ki, bu məsələ danışıqlarda aktuallaşsın".