"Azərbaycanda din sürətli bir formada siyasiləşir"

Ceyhun Məmmədov: "Amma buna dövlət qurumlarının reaksiyası yetərli deyil"

"Xüsusi qruplar var ki, təlimatla məqsədli şəkildə şəhid dəfnlərinə göndərilir"

  Bir qrup insan var, şəhid dəfnlərində “Allahu Akbar”, “Ya Hüseyn”, “Vay Hüseyn” deyib küy salırlar.  
  Hansısa qüvvələr tərəfindən idarə olunan  bu qruplar  insanlara şəhidini ağlamağa belə imkan verməyərək, dəfni  mərsiyəxanaya  çevirirlər. İki gündür şəhid anası, şəhid atası fəryad edir ki, şəhidimi ağla, şəhidlərimizin  adını çəkin!  Şəhid dəfnində yığışıb "Ya Hüseyn"  deyib diqqət çəkmək, yersiz təbliğat şəhidə hörmətsizlikdir.
  Axı niyə boyuna  doymadığı igid balasını əli ilə qara torpağa tapşıran şəhidin atası dili ilə dönüb camaata deyir ki, “Ay millət, mən istəmirəm oğlumun məzarının üstündə İmam Hüseyn deyilsin! İstəmirəm mənim oğlumun məzarı başında şaxsey-vaxsey, Hüseyn deyəsiniz”.

  Niyə balasının qanlı tabutunu qucaqlayıb qoxusuna doymadığı şəhid anası “Nolar ki, şəhid olan Elvinimə ağlayın! Məndən dindarı yoxdur. Hamısına canım qurban! Amma bu gün imamları yox, bu şəhidləri, atasız qalan körpələri ağlayın! Ağlayın ki, bizim də ürəyimizə  sərpilsin. Ya Hüseyn yox, Elvinlərim, Pərvinlərim, Fəridlərim deyib ağlayın! Heç kimin xətrinə dəyməsin, mən bu gün balalarım, şəhidlərim üçün yanıram” - deyə haray çəkməlidir?!  

  Şəhid dəfnlərini “şaxsey-vaxsey” məclislərinə çevirən  qruplar, öz qınınıza çəkilmək üçün bundan artıq daha nə gözləyirsiniz! Bir ananın, bir atanın çəkdiyi bala dağı azmış kimi bir də hansısa ölkənin maraqlarına xidmət edən məzhəb bölücülərinə qarşı mübarizəmi aparsınlar!?  Bütün Azərbaycan xalqının damarlarında axan qan donub. Hamı hər iki gözünü Azərbaycan sərhədinə dikib, qulaqlarını səngərdən gələcək  xəbərlərə dinşəyib. Bu millətin, bu xalqın dərdi azdımı ki ictimaiyyət üzvləri, dövlət qurumları bir də sizinlə mübarizəyə güc sərf eləsin?!  İlin 12 ayı zatən rəhmətə gedən ölülərin dəfn  mərasimlərində Həsən, Hüseyn, Əbülfəz deyib ağladırsınız  bu milləti. Heç olmasa, bu gün imkan verin, şəhidlərimizi ağlayıb, onların şanına dastanlar qoşub, ruhuna "Fatihə" oxuyaq!  

  İctimaiyyət nümayəndələrinin fikrincə, şəhid dəfnində istirak etmək sərbəstdir, lakin söz demək, şüar səsləndirmək rəsmi qaydada tənzimlənməlidir.Yoxsa hər yerindən duran öz başına görə hərəkət etməməlidir!!!

  İndi hamını düşündürən bir sual var, dəfn mərasimində dini şüarların səsləndirilməsi kimlərin marağına xidmət edir?

  Qeyd edək ki, şəhid mərasimləri başa çatandan sonra dini şüarlar səsləndirənlərlə bağlı tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbut Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.
“Şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür", - deyə  DİN rəsmisi qeyd edib.

  “Bir neçə videoda qarşıma çıxdı. Şəhidlərimizin dəfnində fars ağzı ilə İranın ideoloji rituallarını bilərəkdən qabardan dəstələr peyda olur. Bunlara müvafiq qurumlarımız diqqət yetirməlidir".

  Bu sözləri isə  Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, həmin adamları məqsədyönlü şəkildə ora göndərirlər: "Bu şəhidlərin qatili yalnız erməni deyil ki... Bəs ermənilərə açıqca dəstək verənlər qatil deyillər? "Dindaşımız, soydaşımız, qardaşımız ermənilərə toxunanlar bizim qırmızı xəttimizi keçirlər" deyənlər o şəhidlərimizin qatili deyilmi? Şəhidimizə ağlayanda da azərbaycanlı kimi ağlamalıyıq! Artıq şəhidi son mənzilə qürurla, alqışla uğurlayan bir xalq formalaşıb, bu obrazda da davam etməliyik... O məğrur Azərbaycanın şəhid atasının Vətən haqqında söylədiyi şeir nə qədər möhtəşəm idi. Cəhənnəm olub gedin erməniyə yaltaqlıq edən ağalarınızın yanına. Heç olmasa, şəhidimizin dəfnini murdarlamayın" .

  Millət vəkili Ceyhun Məmmədovun “Şərq”ə açıqlamasına görə,  Azərbaycan əhalisinin dinə böyük inamı, etiqadı, əhli-beytə böyük sevgisi var. Amma şəhidlərin dəfn mərasimlərində bu cür aksiyalar yaxşı qarşılanmır”.

  Deputatın sözlərinə görə, şəhidin dəfn mərasimində “Ya Hüseyn” şüarları səsləndirmək dindən siyasi məqsədlər üçün istifadə etməkdir: “Biz şəhidimizin dəfn mərasiminə toplaşmışıq. Burada sırf dini şüarlar səsləndirmək, buradan siyasi məqsədlərlə istifadə etmək və ya şəhidi özününküləşdirmək cəhdləri yolverilməzdir.  Orada xüsusi təlimatlandırılmış qruplar var idi. Bu qruplar Azərbaycanın bütün bölgələrinə, bütün şəhid ailələrinə göndərilir. Onlar da  orada məqsədli şəkildə belə aksiyalar təşkil edirdilər”.

  C.Məmmədovn fikrincə, bu cür hərəkətləri sırf təxribat da adlandırmaq olmaz. Yəni bu cür aksiyaları daha çox  sanki bu mərasimlərdə nəyisə sübut eləmək, nəyisə göstərmək, nələrinsə təbliği üçün edirlər. Aidiyyəti qurumlar  bu məsələlərlə bağlı  ciddi tədbir  görməlidir: “Bu gün Azərbaycanda din çox sürətli bir formada siyasiləşir. Dindən siyasi məqsədlər üçün istifadə olunur. Amma buna dövlət qurumlarının reaksiyası yetərli deyil. Biz bunu açıq şəkildə görürük. Dövlət qurumları bu məsələlərə seyrçi qalmamalıdır. Həmin qruplar təlimatlandırılaraq bütün bölgələrə göndərilir. Onlar da bölgələrdə bu tapşırıqları yerinə yetirirlər. 
  Bu halların qarşısını almaq üçün din siyasətimizi təkmilləşdirməliyik. Bu gün Azərbaycan dövlətinin qarşısında duran  ən mühüm məsələlərdən biri də dini təhlükəsizliyimizin təmin edilməsidir. Əgər biz bu kimi məsələlərə həssas,  diqqətlə yanaşmasaq, sonrakı dövrdə çox ciddi çətinliklər çəkəcəyik.  

  Bir-iki nəfərin öz dini inancından dolayı şüarlar səsləndirməsi başadüşüləndir. Amma 150-200 gəncin bir dəfn mərasimində iştirakı hansı təsadüfi  hal, ya öz istəyi ilə ola bilər?!”.