Deputatdan ilginc açıqlama: “Rəsmi Bakını heç kim dayandıra bilməyəcək”

“Bizə yüz minlərlə qaçqın və məcburi köçkünlərimizi öz evlərinə yerləşdirmək lazımdır”

“İndi "Böyük qayıdış" layihəsi bizim qarşımızda duran əsas hədəflərdən biridir" 

Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində çıxış edib. Ölkə lideri Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsinə toxunub. Ölkə başçısı bu xüsusda diqqətə çatdırıb ki, delimitasiya işi aparılmadan bizi heç kim ittiham edə bilməz: 

"Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz". 

Millət vəkili Asim Mollazadə bu barədə “Sherg.az"a danışarkən söyləyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır və bunun üçün nəzərdə tutulmuş müvafiq sənədləri də imzalamaqdan yayınır: 

"Rəsmi İrəvan delimitasiya prosesi həyata keçmədən heç vaxt iddia edə bilməz ki, Azərbaycan onun ərazisini işğal edib. 
Bu özü - özlüyündə Ermənistanın münaqişəni davam etdirmək istədiyini göstərir. 
Ölkə başçısı çox haqlı olaraq qeyd edib ki, sərhədlər bəlli olmadan Azərbaycanı həmin sərhədləri pozmaqda heç kim ittiham edə bilməz. 

Düşünürəm ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətinə diqqət yetirməlidir. Hər zaman fərqli platformalarda bu haqda danışıqlar olur.

Lakin Ermənistan səhəri gün bu danışıqlardan sonra yenidən Azərbaycan ərazisində təxribat törədir. Fikrimcə, rəsmi Bakını proseslərin icrasında artıq heç kim dayandıra bilməyəcək. Hazırda biz sülh istəyirik. 

Bizə yüz minlərlə qaçqın və məcburi köçkünlərimizi öz evlərinə yerləşdirmək lazımdır. İndi "Böyük qayıdış" layihəsi bizim qarşımızda duran əsas hədəflərdən biridir" .